
Berlin zooparkı 1844-cü ildə Berlin şəhərinin Tirqarten rayonunda 35 hektar ərazidə salınıb. II Dünya müharibəsi təkcə insanları yox, Berlin zooparkının və onun sakinlərinin taleyində də faciəli iz qoyub.
Müharibənin sonunda zooparkdakı 3700 heyvandan yalnız 91-i sağ qalmışdı. Müharibədən sonra zoopark yenidən bərpa edildi. Nəsli kəsilməkdə olan heyvanları artırmaqla məşğul olmağa başlayan müəssisənin nəzdində zoologiya məktəbi açıldı.
Hazırda Berlin zooparkı Almaniyanın ən böyük zooparklarından biridir. Dünyanın heç bir digər heyvanat parklarında bu qədər növdə heyvan yoxdur. Belə ki Berlin zooparkında təxminən 1500 növdən olan 15 000-dən çox heyvan saxlanılır.
Berlin zooparkı şəhərin əsas görməli yerlərindən biridir. Zooparkın əməkdaşları heyvanlara mümkün olduğu qədər sərbəstlik verməyə çalışırlar. Bu məqsədlə su ayğırları və antilopların volyerləri yan-yana yerləşdirilib ki, onlar maneəsiz olaraq bir-biri ilə ünsiyyət qura bilsinlər.
Zooparkın kolleksiyasında xüsusi yeri, balıqlardan əlavə meduzaların, sürünənlərin və suda-quruda yaşayanların da nümayiş olunduğu akvarium tutur. O, biomüxtəliflik baxımından zooparkın digər guşələrindən heç də geri qalmır və dünyada ən nəhəng akvariumlarından biri sayılır. 250 hissədən ibarət olan akvarium 25 000 litr su tutumuna malikdir. Ən böyük hovuzu korall rifini canlandırır. Nümayiş olunan heyvanların ən populyarı isə akulalar və Komado əjdahalarıdır.
18.04.2014