
Bronks zooparkı (Bronx Zoo) Nyu-York şəhərindəki eyni adlı parkda yerləşir. Şəhərdə ümumilikdə beş zoopark var.
Bronks zooparkı isə təkcə Nyu-Yorkun deyil, Amerika Birləşmiş Ştatlarının ən böyük şəhər zooparkıdır və 265 akr (1,07 kilometrkvadrat) ərazini əhatə edir. Burada Sibir pələnglərindən tutmuş, ağ ayılara, Afrika leyləklərindən tutmuş, Kaliforniya dəniz şirlərinə və Nil timsahlarına qədər müxtəlif heyvanlara rast gəlmək olar.
Bronks zooparkının əsası 1864-cü ildə çətinliyə düşmüş vəhşi heyvanların müvəqqəti saxlanılması üçün nəzərdə tutulan heyvanxana kimi qoyulmuşdu. Bura ilk olaraq bir neçə yaralı qara leylək və “Qrizli” ayı balası gətirilmiş, yalnız 1899-cu ildə zooparka çevrilmişdi. Hazırda Bronks zooparkında 650-yə yaxın növdən 6000-dən çox heyvan saxlanılır ki, onlardan 40-ı nəsli kəsilməkdə olan heyvanlardır.
1941-ci ildə Amerika Birləşmiş Ştatlarında ilk dəfə olaraq bu zooparkda heyvanlar qəfəsdən təbii şəraiti imitasiya edən açıq sahələrə köçürülüb. Bronks zooparkında “Sürünənlər aləmi”, “Pələnglər dağı”, “Afrika düzənlikləri”, “Kəpənəklər bağı”, “Gecə aləmi” və “Quşlar aləmi” kimi bölmələr var.
Zoopark uşaqlar üçün əyləncə və təlim proqramlarının mükəmməl təşkili nəticəsində balacaların ən sevimli əyləncə yerinə çevrilib. Burada ilin hər bir fəslinə uyğun tamaşalar, qeyri-adi ekskursiyalar, həmçinin cürbəcür uşaq bayramları təşkil olunur.
14.04.2014