“Mərd və namərdin nağılı” (Azərbaycan xalq nağılı)
Biri var idi, biri yox idi, Allahdan başqa heç kim yoxdu. İki yoldaş vardı. Birinin adı Mərd, o birinin adı Namərd. Günlərin bir günündə Mərdlə Namərd çıxdılar səfərə. Mərd hara çatırdı süfrəsini açırdı. Namərdə deyirdi:
— Buyur, çörək ye!
Namərd də Mərdlə bir yerdə çörəyini yeyirdi. Bir-iki dəfə Mərd buna çörək yeməyi təklif etdi. Namərd bunun çörəyindən yedi, ta o vaxta qədər, Mərdin çörəyi qurtardı. Mərd oldu Namərdə möhtac. Bir az bunlar yol getdilər. Mərd və Namərd bir ağacın dibində oturdular. Namərd süfrəsini açdı. Mərd yaman acmışdı, dedi Namərdə ki, bir az çörəyindən ver mənə, yaman acmışam.
Namərd dedi:
— Sol gözünü ver, çıxardım qoyum sol cibinə, bir az çörək verim sənə, ye.
Mərd baxıb gördü ki, əgər sol gözünü verməsə, buna çörək verməyəcək. Bu da ki acdı, heç bir yana gedə bilməyəcək. Mərd razı oldu. Namərd Mərdin sol gözünü çıxardıb qoydu sol cibinə, bir parça çörək verdi. Mərd çörəyi alıb yedi. Bunlar bir günorta yol getdilər. Namərd yenə süfrəsini açıb, başladı çörək yeməyə. Mərd gördü ki, Namərd buna çörək yeməyi təklif etmir, dedi:
— Namərd qardaş, yaman acmışam. Mənə bir parça çörək.
Namərd dedi:
— Sağ gözünü ver çıxardım, qoyum sağ cibinə, bir parça çörək verim.
Mərdin əlacı kəsilib razı oldu, Namərd ayağa durub Mərdin sağ gözünü çıxardı, qoydu sağ cibinə. Mərdə bir parça çörək verib, durub düzəldi yola.
Namərd çıxıb getməkdə olsun, xəbəri sənə kimdən verim Mərddən. Mərd əlini yerə sürtə-sürtə gedib çıxdı köhnə xarabalığa. Burda özünə bir yumşaq yer tapıb oturdu.
Bu burda qalmaqda olsun, sənə kimdən xəbər verim, şirdən, pələngdən, qurddan, tülküdən. Şir, pələng, qurd, tülkü gəlib çıxdılar bu xarabalığa. Hərəsi bir yanda oturdu. Pələng şirdən xəbər aldı ki, dünyada nə təzə xəbər var?
Şir dedi:
— Pələng qardaş, sağlığın. Hələ bir təzə xəbər yoxdu, salamatlıqdı. Şir qurddan soruşdu ki, qurd lələ, səndə nə təzə xəbər var? Qurd gözünün yaşını axıda-axıda dedi:
— Bazarım yaman kasaddı.
Şir dedi:
— Qurd lələ, bazarın niyə kasaddı?
Qurd dedi:
— Bu dağı ki gəzirsiniz, bu dağın ətəyində bir çoban var. Bu çobanın tulası kimi tula yoxdu. Mən hər axşam gedib quzudan, qoyundan nə rastıma gəldi, çalıb-çapıb götürüb bununla dolanardım. Amma srağagündən bu çobanın bir tulası var. Nə qədər edirəm, çobanın qoyunlarına yaxın durum, tulanın qorxusundan heç bir iş görə bilmirəm.
Şir dedi:
— O tulanın qanı dərmandır. Hər kim naxoş olsa, hər hansı naxoşluq olsa, tulanın qanından içən kimi sağalar.
Mərd bu sözü yadında saxladı. Şir tülküyə dedi:
— Tülkü lələ, sən danış görək, sənin bazarın necədir?
Tülkü dedi:
— Mənim bazarım yaxşıdı, heç bir kasadlığım yoxdu. Bu dağı ki gəzirsiniz, bu dağın o üzündə bir siçan olur. Siçan hər gün qızılları günə sərib oturur yanında.
Mən də bu qızılların qarovulunu çəkirəm. Siçan da mənə çörək verir.
Mərd bunların hamısını eşitdi. Səhər oldu. Qurd, pələng, şir, tülkü çıxıb getdilər. Mərd ayağa durub köhnə xarabalıqdan çıxdı bayıra. Gedib oturdu bir ağacın dibində. Amma bərk acmışdı. Bu dəmdə göydə iki göyərçin qanad-qanada verib gəlib oturdular Mərd oturan ağacın budağında. Böyük bacı kiçik bacıya dedi:
— Mərdlə Namərdin hekayəsini eşitmisən?
Dedi:
— Eşitməmişəm. Bir danışsana mənim üçün.
Dedi:
— Danışım. Günlərin bir günündə bir Mərd olur, bir Namərd. Mərdlə Namərd yol gedərdi. Belə oldu ki, Mərdin çörəyi yolda qurtardı. Namərdə dedi ki, bir az çörək ver mənə. Namərd Mərdin gözlərini çıxarıb ona çörək verdi. İndi budu, Mərd kor olub qalıb burda, heç kim dadına çatmır.
Kiçik bacı dedi:
— Bacı, bəs bu Mərdə heç bir kömək eləmək olmaz?
Dedi:
— Olar.
Dedi:
— Ey Mərd, yatmısan ayıl, ayıqsan eşit.
Mərd baxıb gördü ki, göyərçinlər dil olub, bir balaca yerindən tərpəndi. Böyük göyərçin dedi:
— Biz ki tərpəndik, burdan-ayağımızın altından bir lələk düşəcək. O lələyi götür, gözlərini qoyarsan yerinə. O lələyi gözlərinə çəkərsən. Gözlərin olar anadangəlmə.
Göyərçinlər sözlərini deyib qanad-qanada verib uçub getdilər. Mərd baxıb gördü ki, dizinin üstə bir şey düşdü. Əlin yerə sürtüb lələyi tapdı. Sağ gözün sağ cibindən, sol gözün sol cibindən çıxardıb, qoydu yerinə. Lələyi çəkdi gözlərinə, gözləri oldu anadangəlmə. Durub birbaş yol elədi gəlməyə, ta o vaxta qədər gəlib çıxdı bir dağın təpəsinə. Gördü ki, burda bir siçan bir xeyli qızıl töküb qabağına oturub qızılların qarovulunu çəkir. Mərd əlinə bir daş alıb tulladı siçana. Siçan gördü ki, Mərd buna daş tulladı. Tez qaçıb qorxusundan girdi yuvaya. Mərd qızılları yığışdırıb birbaş başladı yol getməyə. Az gəlib, çox gəlib, iynəyarım yol gəlib özünü yetirdi bir dərəyə.
Gördü ki, bir çoban qabağında bir sürü qoyun, yanında bir tula dərə ilə yuxarı çıxır.
Mərd dedi:
— Çoban qardaş, bu tulanı gəl sat mənə.
Çoban dedi:
— Tula-zad satan deyiləm.
Mərd çox dedi, çoban az eşitdi. Axırda bir çəngə qızıl verdi, tulanı bundan aldı.
Mərdin bu hərəkətini necə qiymətləndirirsən?
Çoban yollanıb getməkdə olsun, eşit bir neçə kəlmə Mərddən. Mərd dərə ilə aşağı endi. Tulanı ayağının altına alıb, başını kəsib qanını yığdı bir şüşəyə. Cibinə qoyub düzəldi yola.
Xəbəri sənə kimdən verim İstanbul padşahından. İstanbul padşahının qızı neçə il idi ki, naxoş, yorğan-döşəkdə idi. Nə qədər həkim çağırırdılar, heç kəs əlac eləyə bilmirdi. Mərd özünü İstanbul şəhərinə yetirib gördü ki, burda bir dəstə adam padşahın imarətinin qabağına yığışıb.
Öyrəndi ki, İstanbul padşahının qızı bir neçə ildir ki, naxoşdu.
Mərd bu adamlardan ayrılıb gedib həkimlərə layiq özünə bir dəst libas aldı; özünə ziynət verib gəldi padşahın imarətinin qabağına, dedi:
— Həkiməm.
Dedilər:
— A kişi, yazıqsan, bir belə həkimlər gəlib heç bir əlac eləməyib, indi səni də öldürüb yollayarlar o birilərinin yanına.
Mərd dedi:
— Mən o yan-bu yan bilmirəm. Mən həkiməm ki, həkim. Gərək padşahın qızına baxım.
Dedilər ki, indi ki belədir, qoy gedək padşaha xəbər verək.
Padşaha xəbər gedib çatdı ki, bəs şəhərə təzə bir həkim gəlib. Padşah dedi ki, gedin çağırın o həkimi bura.
Gəlib Mərdi apardılar padşahın yanına. Padşah Mərdə dedi:
— Həkimsən?
Mərd dedi:
— Bəli, həkiməm.
Padşah dedi:
— Əgər qızımı sağaltsan, onu verəcəyəm sənə. Əgər sağalda bilməsən, sənin boynunu vurduracağam.
Mərd razı oldu. Mərdi gətirdilər padşahın qızının yanına. Mərd qızın nəbzindən tutub yoxladı, axırda tulanın qanından bir neçə damcı suya töküb, verdi qıza. Qız içən kimi ayıldı. Padşaha xəbər getdi ki, gözlərin aydın olsun, bəs qızın sağalıb.
Padşah bu xəbəri eşidən kimi yerindən qalxıb əmr elədi ki, təbil vurulsun. Təbil vuruldu. O günü böyük bir şadlıq elədilər. Belə ki padşah əhd eləmişdi ki, «əgər qızım sağalsa, yeddi gün, yeddi gecə şəhərimdə olan bütün fəqir-füqəralara, əlsiz-ayaqsızlara plov verəcəm».
Qazan qazanların yanına düzüldü. Aşpazlar əl-qollarını çırmalayıb düyüləri tökdülər qazanlara. Düz yeddi gün fəqir-füqəralara payladılar. Padşah bir tərəfdən də əmr etdi, öz qızının kəbinini kəsdirdi Mərdə. Mərd padşahın qızını aldı. Mərdə qırx gün, qırx gecə toy eləyib qızını verdi ona.
Xəbəri sənə kimdən verim, Namərddən. Mərd pəncərədən baxırdı, kefi yaman kök idi. Qabağında çay, əlində qəlyan, gördü ki, Namərd qardaş gəldi. Adam yolladı ki, Namərdi çağırın. Gedib Namərdi çağırdılar. Namərd baxıb gördü ki, Mərd sağalıb.
Dedi:
— Mərd qardaş, bu nə olan hekayətdir?
Mərd başına gələn bütün hekayəni Namərdə danışdı. Namərd bu sözü eşidən kimi Mərddən ayrılıb özünü yetirdi həmən köhnə xarabalığa. Namərd bir tərəfdə gizlənməkdə olsun, xəbəri sənə kimdən verim, pələngdən, şirdən, qurddan, tülküdən. Axşam ki oldu, pələng, şir, qurd, tülkü gəldilər bu köhnə xarabalığa. Pələng şirdən xəbər aldı:
— Şir qardaş, dünyada nə təzə xəbər var?
Şir dedi:
— Sağlıq, salamatlıq. Heç bir təzə xəbər yoxdu.
Şir qurddan xəbər aldı:
— İndi kefin necədir?
Qurd dedi:
— Bu saat kefim bərk kökdü. O çobanın yanında ki tula vardı, indi o tula yoxdu. Mən də gündə bir qoyun gətirib asudə yeyirəm. Daha qorxum-filanım yoxdu.
Qurd gördü ki, tülkü mısmırığın sallayıb. Qurd dedi:
— Tülkü lələ, sənin kefin necədir?
Tülkü dedi:
— Kefim kök deyil. Ona görə ki, bazarım kasaddır.
Dedilər:
— Nə üçün?
Tülkü dedi:
— O ki siçan var idi gedib qızıllarının qarovulunu çəkərdim, indi onun qızıllarını oğurlayıblar. Onunçün kefim kök deyil, bazarım da kasaddı.
Pələng dedi:
— Burda insan var. Gəlin buranı axtaraq.
Başladılar axtarmağa. Namərdi tapdılar. Tez Namərdi parçalayıb hərəsi bir tikəsini götürüb yedi. Namərdi cəhənnəmə vasil elədilər.
07.05.2019