Şeirlər

Xəlil Rza Ulutürk. "Gerbimiz-qəlbimiz"

Sən şəkil yox, nəfəsimsən, axan qansan varlığımda, 
Hansı rənglər çiçəklənir gör üç rəngli bayrağımda. 
Yaşıl rəngim — yaşıl bahar, müsəlmanlıq timsalıdır, 
Göy rəngimdə türklük yaşar — millətimin amalıdır. 

 

Qırmızılıq — simvoludur çağdaşlığın, yüksəlişin, 
Vətənimə can verməli mənim əzmim, mənim işim. 
Cavan palıd mən özüməm, kökü ərzin mərkəzində, 
Kökü burda, budaqları xan Arazın o üzündə.

 

Səkkizguşə ulduzumda səkkiz cənnət qapısı var, 
Yalnız oğul qeyrətilə açılacaq bu qapılar. 
Qızıl sünbül soraq verir, xırman-xırman bərəkətdən 
Ərzə bəhrə-bar gedəcək bu müqəddəs məmləkətdən. 

 

Qabaran tunc köksümüzdür qalxanımız, sipərimiz, 
Əvvəl-axır qıracağız qart düşmənin belini biz. 
Alovlarda, çovğunlarda daim yaşa dolasıyıq, 
Od yurdunda od tükənsə, özümüz od olasıyıq. 

 

Yalnız qızıl alovlarla bəzəmədik gerbimizi, 
Aləm üçün, bəşər üçün məşəl tutduq qəlbimizi. 
Dedik: — Bu Yer kürəsində nə qan, nə bir məzar olsun, 
Məzarlara gül qoymayaq, cahan özü gülzar olsun!