
Sidney şəhərinin “Taronqa” zooparkı (Taronga Zoo) keçən əsrin əvvəllərində, 1916-cı ildə yaradılıb. Adı yerli aborogenlərin dilindən tərcümədə “gözəl mənzərə” mənasını verir. Hazırda bu zoopark 30 hektar ərazini əhatə edir və şərti olaraq səkkiz zooloji sektora bölünür.
“Taronqa” dünyanın ən böyük zooparklarından biridir və burada 3000-ə yaxın heyvan saxlanılır. Onlardan bir çoxu nadir rast gəlinən və nəsli kəsilməkdə olan heyvan növlərinə aiddir.
Zooparkda nəinki Avstraliya faunasının nümayəndələrini, həmçinin digər qitələrdə yaşayan heyvanları da görmək olar. Dünyanın hər bir bucağından gələn Afrika filləri, şirlər və zürafələr, Asiya pələngləri, Tibetin qırmızı pandaları, müxtəlif primatlar, sürünənlər, suda-quruda yaşayanlar, quşlar və başqa heyvanlar üçün “Taronqa”da rahat şərait yaradılıb.
Zooparkın bütün sakinləri səkkiz müxtəlif tematik zonada yerləşiblər. Məsələn, “Ördəkburunun evi”ndə nəinki ördəkburunu, həmçinin vombatları və kenquru siçovullarını da görmək olar. “Avstraliyanın su-bataqlıq ərazisi” ekspozisiyasında bir çox quşlar, hacıleylək, Avstraliya leyləyi, qutan, sultan toyuğu, Sakit okeanın qara ördəyi təmsil olunur. “Avstraliyaya səyahət” bölməsində kenquruya, emu dəvəquşusuna, koalalara və “yaşıl” qitənin başqa bu kimi tipik sakinlərinə rast gəlmək olar. Nəhayət, 2008-ci ildə açılmış “Böyük cənub dənizləri” ekspozisiyası tamaşaçılarını dəniz leopardları, Kaliforniya dəniz şirləri, kiçik pinqvinlər və okeanda yaşayan digər canlılarla qarşılayır.
“Taronqa”da mütəmadi olaraq quşların və heyvanların iştirakı ilə maraqlı və rəngarəng şoular keçirilir.
04.03.2014