Bu maraqlıdır!

Sonsuzluq

Arxasına əyləşib dərslərimizi hazırladığımız masanın, yaşadığımız evin, küçənin, şəhərin, hətta sakini olduğumuz ölkənin və planetin ölçülərini müəyyənləşdirmək mümkündür. Alimlər Yerdən Günəşə, ulduzlara, hətta adi gözlə görünməyən səma cisimlərinədək olan məsafəni hesablaya bilirlər. 
 
İndi isə təsəvvür edin ki, raketlə ən güclü teleskopun müəyyən etdiyi ən uzaq ulduza qədər getmişik. Amma oradan baxaraq daha uzaq ulduzların olduğunu görəcəyik. Həmin ulduzlara uçsaq, orada da eyni mənzərə ilə qarşılaşacağıq. Bu proses sonsuz olaraq davam edəcəkdir. Hər dəfə qarşımızda ucsuz-bucaqsız kainat açılacaqdır.
 
Yaxud başqa bir misal. Saymağı necə öyrəndiyini xatırla. Sənə 10-a qədər saymağı öyrədəndə yəqin ki, “sonra hansı ədəd gəlir” deyə soruşmusan. Daha sonra 100-ə, 1000-ə qədər saymağı öyrənmisən. Beləliklə, başa düşmüsən ki, nə 100, nə də 1000 sonuncu rəqəm deyil. Bu rəqəmlərin sonuna 1, 2 və s. artırmaqla daha böyük rəqəm alınır. Buna görə də ən böyük rəqəm yoxdur. Rəqəmlər sırası sonsuzdur. Hər hansı rəqəmdən sonra ondan daha böyük rəqəm gəlir. 
 
Göstərdiyimiz nümunələr məhz sonsuzluğa misaldır. Kainat sonsuzdur, çünki ən uzaq ulduzu müəyyənləşdirmək qeyri-mümkündür. Hər hansı ulduzu sonuncu olaraq qəbul etsək də ondan daha uzaqda başqa ulduzlar mövcuddur. Ədədlər sırası da sonsuzdur. Yəni ən böyük ədədi müəyyənləşdirmək qeyri-mümkündür.