Hikmət Ziya. Sadə çıxış yolu
Zebr süzüb Zürafəni
Altdan yuxarı,
Dedi: —Dostum, meşəmizin
Axar-baxarı
Kitabında yaxşı təsvir
Olunub, ancaq,
Obrazların yarımçıqdır,
Ona bir də bax.
Zürafənin üzü güldü:
—Dostum, müxtəsər,
Demək, sənə elə gəlir,
Bitməyib əsər.
—Yox, ey...
—Dayan, danışıram,
Sözümü kəsmə!
—Dinlə məni axıradək,
Әsla tələsmə.
Obrazlarım yarımçıqsa,
Deməli, hökmən
Tez ikinci bir hissə də
Yazmalıyam mən!..
04.03.2019