Dilrüba Nurəddinqızı. Sirli hərflər
Çox qədim zamanlarda Yunanıstanda Ezop adlı müdrik, hazırcavab bir insan yaşayırmış. Qul olsa da, ağlı, fərasəti ilə seçilirmiş. Onun qələminə məxsus 426 təmsil bu günümüzə qədər gəlib çatmışdır.
İndi “Ezop dili” dedikdə heyvan və ya cansız əşya obrazları vasitəsilə insanların müsbət və mənfi keyfiyyətlərindən danışmaq nəzərdə tutulur. Ezopla əlaqədar çoxlu maraqlı və qəribə əhvalatlar söylənilir.
Bir gün Ezop ağası ilə qəbiristanlığın yanından keçərkən gözü hasarın üstündə yazılmış hərflərə sataşır: H. D. T. Q. V. Ezop soruşur:
– Ağa, əgər mən sənin üçün xəzinə tapsam, mənə nə verərsən?
Ağası deyir:
– Xəzinənin yarısını və azadlıq!
Bunu eşidən Ezop bir saxsı parçası götürüb hasarın dibini qazmağa başlayır və qızıl dolu xəzinə çıxarır.
– Hə, ağa, indi verdiyin sözə əməl et!
– Yox, əvvəl sən mənə xəzinənin yerini necə öyrəndiyini deməlisən.
Ezop deyir:
– Qulaq as, ağa. Xəzinəni burada basdıran, görünür, ağıllı adam olub və xəzinənin yerini də bu hərflər vasitəsilə göstərib. Bax, burada hər sözün baş hərfi yazılıb: H – hasarın, D – dibindəki, T – torpaqda, Q – qızıl, V – var. Hə, indi qızılın yarısını ver, burax məni, gedim.
Ağa deyir:
– Allaha and olsun, mən axmaq deyiləm ki, sənin kimi ağıllı və fəhmli qulu azadlığa buraxım!
Ezop görür ki, ağası verdiyi sözün üstündə durmaq istəmir, deyir:
– İndi ki belə oldu, ağa, səni bəri başdan xəbərdar edirəm: qızılı sahibinə vermək lazımdır.
– Nə sahib? Sahib kimdir?
– Bizans hökmdarı Dionis.
Ağa təəccüblənir:
– Sən bunu haradan bildin?
– Elə həmin bu hərflərdən, – deyə Ezop cavab verir.
– Qulaq as: H – hökmdar, D – Dionis, T – tapdığının, Q – qanuni, V – varisidir.
Ağa qorxuya düşür:
– Yaxşı, Ezop, qızılın yarısını götür, amma səsini çıxarma.
Ezop deyir:
– Minnət qoyma, ağa! Mənə onsuz da qızıldan pay düşür, amma sənin mərhəmətinə görə yox, xəzinəni burada basdıranın iradəsinə görə.
– Sən, deyəsən, mənə sataşırsan! Bunu haradan çıxartdın? – deyə Ezopun ağası özündən çıxır.
– Yenə elə bu hərflərdən, – deyə Ezop cavab verir.
– Qulaq as: H – halallıqla, D – davranıb, T – tapdığından, Q – quluna, V – ver.
Ağa deyir:
– Sən dahisən, Ezop! Tez evə gedək və qızılı bölək, sonra mən səni azadlığa buraxaram...
23.01.2019