Nağıllar, hekayələr

Natiqlik məharəti haqqında

Böyük hökmdar Harun ər-Rəşid bir gün yuxuda gördü ki, bütün dişləri tökülüb. Səhər tezdən yuxu-yozanı yanına çağırıb yuxusunu ona danışdı və soruşdu: 


- Bu yuxunun mənası nədir? 


Yuxuyozan dedi: 


- Padşahın ömrü uzun olsun. Bu yuxu göstərir ki, bütün qohum-əqrəban səndən əvvəl öləcək. 


Harun ər-Rəşid keşikçilərinə üzünü tutub dedi: 


- Aparın, bu yuxuyozana yüz çubuq vurun. O belə bir ağır xəbəri nə üçün üzümə dedi?! Qohum-qardaşın ölümünü görməkdən pis nə ola bilər?! 


Xəlifə əmr etdi, başqa yuxuyozanı çağırdılar. Ona da yuxusunu danışıb yozmasını tələb etdi. Yuxuyozan belə cavab verdi: 


- Hökmdar sağ olsun. Bu yuxudan görünür ki, sən bütün qohum- əqrəbandan çox yaşayacaqsan. 


Harun ər-Rəşid fikrə getdi. “Məna həmin mənadır, amma ifadələrdə böyük fərq vardır”, - deyə düşündü və əmr etdi ki, həmin yuxuyozana yüz dinar versinlər.