Meksikanın vahiməli "Kuklalar" adası
Dünyanın ən mistik və vahiməli adalarından biri Meksikanın "Kuklalar" adasıdır (Isla de las Munecas). Bu ada həqiqətən də adamın ürəyinə qorxu salır.
Ada ağaclardan asılmış minlərlə eybəcər, sındırılmış, gözləri oyulmuş, ayaqları, başı qoparılmış çirkli kuklalarla doludur. Hətta buraya gələn ən cəsarətli turistin belə qorxudan dizləri əsir.
Əfsanəyə görə, XX əsrin 50-cı illərində ailəsindən uzaq düşən və tərki-dünya olan Culian Santana Barrera adlı keşiş bu adada məskunlaşıb. Bu dəhşətli kukla kolleksiyasının sahibi də məhz Xulian Santana Barrera olub. O, gecəni adada keçirməyə cəsarət edən ilk adam olub.
Culian kanalda batmış qızların ruhlarını sakitləşdirmək üçün zibilliklərdən kuklaları yığıb ağaclardan asırdı. Yarım əsr ərzində kuklalar daha da pis hala düşüb, üzəri hörümçək toru bağlayıb və qorxulu görkəm alıb. Deyilənə görə, Xulian özü də 2001-ci ildə kanalda batıb. Xulian bu qorxulu adada 50 il yaşayıb.
Artıq açıq hava muzeyinə çevrilmiş bu qorxulu ada turistləri buraya cəlb edir. Adada elektrik enerjisi yoxdur, yalnız su yolu ilə günün işıqlı vaxtlarında bu adaya getmək mümkündür. Adaya getməyə cəsarət edən turislərin dediyinə görə, eybəcər hala salınmış bu oyuncaqlar sanki onları hər yerdə izləyir, bəzi turistlər isə iddia edirlər ki, hətta kuklaların məsum pıçıltılarını eşidirlər.
08.01.2019