B. Vahabzadə “Beş qiyməti”
Qiymət cədvəlinə baxıram sənin,
A qızım, nə yaxşı qiymətlərin var.
Hər “beş”in, hər “dörd”ün üstündə, yəqin,
Nə qədər zəhmətin, alın tərin var.
“Bar verən ağacı, – söylədi bağban,
– Kənardan seyr etmək necə şirindir”.
Sənin cədvəlində düzülüb yatan
“Beş”lərin yuxusuz gecələrindir.
Onların hər biri dönüb çırağa
Həyat yollarına işıq tutacaq.
Dönsə də ürəyin bu gün bir dağa,
Öz qiyməti vardır həyatın ancaq.
Qoy axıb işdə də alnının təri
Bəzəsin yurdunda səhranı, düzü.
Bax bu gün aldığın “beş” qiymətləri
Sabah təsdiq etsin həyatın özü.
03.01.2019