Dünya dilləri
Bəzən eyni ölkənin insanları bir-birinin dilini anlamaqda çətinlik çəkir. Məsələn, Papua- Yeni Qvineyanın əhalisi 500 fərqli dildə danışır. Bu isə dünya dillərinin ümumi sayının 10%-ni təşkil edir. Bu cür müxtəliflik insanların bir-birindən uzaq məsafədə olması, nadir hallarda qarşılaşmaları ilə izah olunur.
Dünyada təxminən 6000-dən çox danışıq dili mövcuddur. Onların yarıdan çoxu məhv olmaq təhlükəsi ilə üz-üzədir. Dillərin 96 faizi dünya əhalisinin yalnız 4 faizi tərəfindən istifadə olunur. Bu dillərin 52 faizində 10 mindən, 28 faizində isə mindən az adam danışır.
Dünyanın ən geniş yayılmış dili Çin dilidir. Bu dildə 1 milyard 80 milyondan çox adam danışır. İkinci yerdə ingilis dili gəlir. İngilis dilində 515 milyondan çox adam danışır. Hind dillərində danışanlar 500 milyon, ispan dilində danışanlar 425 milyon, rus dilində danışanlar isə 257 milyon nəfərdən çoxdur. Ərəb dili altıncı yerdədir. Bu dildə 256 milyon nəfərdən çox adam danışır. Benqal dilində 215 milyon, portuqal dilində 194 milyon, İndoneziya dilində 176 milyon nəfərdən çox danışan var. Fransız dili onluqda axırıncıdır. 120 milyondan çox adam fransızca danışır.
Bütün türk dillərində isə ümumilikdə 200 milyondan çox adamın danışdığı bildirilir.
ABŞ-ın İllinoys ştatında danışıq dili amerikan ingiliscəsidir.
Dünyada 41806 müxtəlif dialekt mövcuddur. Filippində 1000-dən çox regional dialekt və 2 rəsmi dil var.
Rus dilində ən uzun söz 44 hərfdən ibarətdir (“Метилпропенилендигидроксициннаменилакриловая кислота”).
İngilis dilində ən uzun söz isə kimyəvi birləşmənin adıdır. Bu söz 1916 hərfdən ibarətdir.
Afrika qitəsində mindən artıq dildə danışılır. Ancaq son zamanlara qədər Afrikada yalnız 2 dil rəsmi status qazandı, sonra bu rəqəm 11-ə yüksəldi.
Öyrənmək üçün ən çətin dil hansıdır?
Öyrənmək üçün ən çətin dillər ərəb, çin, yapon və koreya dilidir. Rus, fin və hind dili orta çətinlikdə dildir. Fransız və italyan dili isə ən asan öyrənilən, sadə dil hesab olunur.
28.12.2018