Şeirlər

Mehdi Seyidzadə. “Kirpi və ilan”

Kirpiyə dedi ilan:
— Gəl dost olaq yaxından!
Xəncər kimi bizini
At, mən görüm üzünü.
Artsın sənə hörmətim,
Çoxalsın məhəbbətim.
Kirpi dedi: — Çox gözəl,
Mən bizimi atım, gəl
Zəhərini at sən də,
İnam oyansın məndə.
İlan dedi: — Dişimdən,
Mən sancmaq vərdişimdən
Əl götürmərəm əsla,
Dağılsa bütün dünya.
Sancmaq olub vərdişim,
Zəhərsiz keçməz işim.