Kidzaniya uşaq şəhərciyi
Bütün uşaqlar tez bir zamanda böyüməyi, güclü olmağı, arzularını reallaşdırmağı istəyir. Kidzaniya uşaqlar üçün yaradılmış elə bir məkandır ki, uşaqlar burada sadəcə attraksionlarla tanış olmur, eyni zamanda faydalı məsləhətlər, təcrübə, xoş təəssüratlar və sərbəst olmaq imkanı qazanırlar. Kidzaniya 5-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub.
Faydalı əyləncələr - Kidzaniya küçələri ilə gedən uşaq xəstəxana, universitet, muzey, teatr – bir sözlə, əsl şəhərlərdə qarşılaşa biləcəyi nə varsa, onunla qarşılaşır. Bütün bu gördüyü müəssisələrdə həmin uşaq işə girə və istədiyi sənətlə məşğul ola bilər. Yəni, öz gücünü istənilən sahədə sınaya bilər. Bu məkanda uşaqlar ən ağlasığmaz işlərin öhdəsindən gəlir – təyyarə sürür, teleproqramlar yaradır, yanğın söndürür, laboratoriya təcrübələri aparır, teatr tamaşalarında iştirak edir.
İlk Kidzaniya 1999-cu ildə Meksikada yaranıb. Bu gün bu parklar Yaponiyadan tutmuş Meksikaya, Rusiyadan Çiliyə qədər 19 ölkədə mövcuddur.
Kiçik qəhrəmanlar üçün əsl şəhər- Musiqi studiyasında bütün çalğı alətləri həqiqətdə olduğu kimidir. Əsl rok qrupu təşkil edib, hit yaratmaq olar. Əsl səyahət əsl təyyarənin qarşıladığı Kidzaniya hava limanından başlayır. Buradan keçən uşağa gözəl şəhərin qapıları açılır. Küçələrdə işıqforlar var, avtobuslar daim hərəkətdədir.
KAİ – Kidzaniya dilində məhz belə “salam” verirlər. Kidzaniyada hər kəs kidzan dilində danışır.
Burada uşaqlar həm də maliyyə idarəetməsi üzrə ilk bilgiləri əldə edir. Kidzaniyanın şəxsi valyutası kidzo “qara” adlanır. Burada uşaq öz ilk valyutasını qazanır və şəxsi kapitalını hara yönəltmək barədə özü qərar verir. İstəsə, oyuncaqlar alar, ya da ki, sürücülük kurslarına gedər. Hər ikisini eyni anda etmək üçün qazanılmış pul kifayət etmir və uşaq ilk dəfə şəxsi büdcəsini planlaşdırmağı öyrənir.
Təhlükəsizlik - Kidzaniya hava limanında bütün sərnişinlərə qolbaqlar paylanır. Bu qolbaqlar uşaqların Kidzaniyadan özbaşına çıxıb getmək təhlükəsini əngəlləyir. Çünki uşaq qolbaqları böyüklərinki ilə əlaqəlidir. Hər bir valideyn bu qolbaq vasitəsilə uşağını nəzarətdə saxlaya bilir. Kidzaniyada hər bir əməkdaş nəinki adi, xüsusi əngəlləri olan uşaqlarla belə işləmək üçün xüsusi təlim keçib. Elə bu səbəbdən, bütün uşaqlar bu məkanda bərabər hüquq və imkanlara malikdirlər. Kidzaniyanın prezidenti və yaradıcısı Xavyer Lopes Ankonadır.
Kidzaniyada valideynlər üçün istirahət edib, razı qalacaqları kafe, restoranlar da mövcuddur.
17.11.2018