Xanımana Əlibəyli. “İki badam ağacı”
İki badam ağacı
Durub yolda lal kimi.
Biri – badamı acı,
O birisi – bal kimi.
Birisi acı zəhər,
Yeyilməyən badamdır.
O birinin hər səhər
Altı dolu adamdır.
O bütün uşaqları
Toplayır öz başına,
Paylayır dadlı barı
Dostuna, yoldaşına.
Qəlbi sevinclə dolur,
Əziz balalar, bilin, –
Dostu necə çox olur
Dünyada şirindilin!
06.11.2018