Şeirlər

Mehdi Seyidzadə. “Kəpənək və bal arısı”

Arıya bir kəpənək
Söylədi: - Bu gül-çiçək
Mənə yaraşır ancaq.
Seyr elə, hüsnümə bax,
Gör necə rəngbərəngəm,
Güllər kimi qəşəngəm.
Rəngin sənin sapsarı
Bu sir-sifətlə, arı,
Dolanırsan gülşəni,
Çəmənləri, meşəni.

 

 

Arı dedi: — Kəpənək,
Düzdür, deyiləm göyçək.
Lakin qonduğum güldən
Bal hazırlayıram mən.
Hamı yeyir balımdan.
Xoşlanır bu halımdan
Sən öz zövqünə görə
Qonursan çiçəklərə,
Bənzəsən də güllərə,
Faydan yoxdur ellərə.