Odisseyin səyahəti (2-ci hissə)
Bir müddət sonra gəmilər Eoliya adasına yaxınlaşdı. Bu adada yunan allahı Eol yaşayırdı. Eol səyyahları yaxşı qarşıladı və Odisseyə sehirli bir torba verdi. Bu torbaya bütün gərəksiz küləkləri toplamaq mümkün idi. Beləcə, Odissey bütün gərəksiz küləkləri torbaya yığdıqdan sonra uyğun səmt küləyi ilə vətəninə yola düşdü.
Artıq doğma İtakanın torpaqları uzaqdan görünürdü. Lakin bu zaman Odissey yuxuya getdi və dostları Eolun hədiyyə etdiyi torbanı açıb içindəkilərə baxmaq istədilər. Gərəksiz küləklər torbadan dağıldı və elə bir tufan qopdu ki, gəmiləri uzaq-uzaq diyarlara, heç vaxt günəşin çıxmadığı və gecənin gündüz kimi aydın olduğu torpaqlara aparıb çıxardı. Bu torpaqlarda bədheybət lesqriqonlar yaşayırdılar. Onlar gəmiləri görən kimi qaya parçalarını gəmilərə atdılar və bütün gəmiləri batırdılar. Yalnız bir gəmi salamat qaldı və həmin gəmidə Odissey və sağ qalan dostları El adasına çatdılar. Bu adada yaşayan gözəl və hiyləgər, sehrbaz Sirseya insanları heyvana çevirə bilirdi.
Ehtiyatlı Odissey əvvəlcə kəşfiyyat üçün bir neçə dostunu Sirseyanın yanına göndərdi. Sirseya onları yaxşı qarşıladı və hamısına şərab verdi. Bir müddətdən sonra şərabın təsirindən onların hamısı donuza çevrildi və Sirseya onları tövləyə saldı. Dostlarının başına gələn bəlanı eşidən Odissey onlara köməyə tələsdi. Amma necə kömək edə biləcəyi barədə heç bir fikri yox idi. Bu zaman onun yanına yunan allahı Hermes gəldi və ona sehirli ot verdi. Bu ot bütün sehrləri məhv edirdi. Otun köməyi ilə Odissey dostlarını yenidən insana döndərdi. Bundan sonra Sirseya söz verdi ki, Odissey və dostlarına heç bir zərər veməyəcək və onlar düz bir il adada yaşadılar. Sirseyanın məsləhəti ilə Odissey ölülər dünyasına getdi və orada Troya müharibəsində həlak olmuş bir çox dostları ilə, hətta vəfat etmiş anası ilə görüşdü və orada eşitdi ki, vətəni İtakaya bir çox bəlalardan sonra qayıdacaq. El adasını tərk edən zaman Sirseya Odisseyi xəbərdar etdi ki, Siren adasından keçməli olacaq. Bu adalarda yarı qadın, yarı quş olan varlıqlar – sirenlər yaşayır. Bunlar elə zil səslə mahnı oxuyurlar ki, onların səsini eşidən dənizçilər özlərini unudurlar və gəmiləri qayalıqlara çırpılıb məhv olur.
Uzaqdan Siren adalarını görən Odissey dostlarına əmr etdi ki, onu gəmi dirəyinə iplə möhkəm bağlasınlar, özləri isə qulaqlarını mumla möhkəm tutsunlar. Adalara yaxınlaşanda gəmini görən sirenlər mahnı oxumağa başladılar. Onların səsinə valeh olan Odissey özünü itirdi və dostlarına yalvarmağa başladı ki, onu açsınlar. Lakin dostları heç nə eşitmədiklərindən sürətlə adanın yanından keçib uzaqlaşdılar. Amma səyyahları daha bir təhlükə gözləyirdi. Onların gəmiləri 2 əjdahanın – altıbaşlı Ssilla və Xaribdanın arasındakı keçiddən keçməli idi. Xaribda gündə üç dəfə suyu içinə çəkib püskürürdü və elə bir burulğan yaranırdı ki, bu burulğana düşmüş gəmini heç dəniz allahı Poseydon da xilas edə bilməzdi. Xaribdadan qaçmaq üçün Odissey əmr verdi ki, gəmini daha çox Ssilla tərəfə sürsünlər. Gəmi Ssillanın lap yaxınlığından keçdiyindən o imkan tapıb Odisseyin dostlarından altısını yedi. Amma buna baxmayaraq qalanları xilas oldular və tənha bir adaya yan aldılar. Bu adada yunan allahı Qeliosa məxsus öküzlər yaşayırdılar. Baxmayaraq ki, Odissey dostlarını xəbərdar etmişdi ki, öküzlərə toxunmaq olmaz, dostları ona qulaq asmadılar və öküzlərdən birini kəsib yedilər. Onların belə saymazlığı tanrıları qəzəbləndirdi və gəmi dənizə çıxan kimi yunana tanrısı Zevs şimşəklə gəmini burub ikiyə böldü. Odisseydən başqa bütün gəmi heyəti suda batdı. Odissey isə taxta parçasından yapışıb salamat qala bildi.
Taxta parçası ilə dalğaların üzərində doqquz gün qalan Odisseyi dalğalar sonunda sirli Oqiqiya adasına gətirib çıxardı. Bu adada nimfa Kolipsodan başqa heç kim yaşamırdı. Kolipso Odisseyə aşiq oldu və ona dedi ki, əgər adada onunla qalsa, Odisseyə ölümsüzlük bəxş edəcək. Odissey adada 7 il yaşasa da, axırda vətəni üçün darıxdı. Yunan tanrıçası Afinanın Odisseyə yazığı gəldi və Zevsi inandırdı ki, o, Kalipsoya Odisseyi öz vətəninə buraxmağa razı olsun. Odissey özünə sal düzəltdi və sonra adanı tərk etdi. Amma 17-ci gündə Odissey dəniz tanrısı Poseydonun gözünə sataşdı. Oğlunun gözlərini kor etdiyinə görə Odisseyə qəzəbli olan Poseydon tufan qaldırdı. Odisseyin üzərində olduğu sal devrildi və Odissey az qaldı ki, boğulsun. Lakin batan gəmilərin himayəçisi nimfa Levkoteya öz sehrli şalını Odisseyə atdı və o şalın üzərində feakların vətəni olan Sxeriya adasına çatdı. Sahilə çıxan Odissey yorğunluqdan üzüqoylu qumların üzərində yıxıldı və yuxuya getdi. Bu zaman Feak ölkəsinin şahzadəsi Navzikaya öz qulluqçuları ilə sahildə Odisseyi gördülər. Əvvəl çox qorxdular. Amma Odisseyin nəcib danışığını eşidəndən sonra onu feakların kralı Alkinoyun yanına apardılar. Alkinoy Odisseyin başına gələnləri eşitdikdən sonra ona gəmi hədiyyə etdi və həmin gəmi ilə Odissey vətəni İtakaya yola düşdü.
Uzun müddət Odisseyin gəlmədiyini görən qohumları onun artıq öldüyünü düşünürdülər. Yalnız həyat yoldaşı Penelopa onun sağ olduğuna inanırdı. Qohumları Penelopanı məcbur edirdilər ki, o, yenidən ərə getsin. Amma Penelopa hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzadırdı və Odisseyin qayıdacağına ümid edirdi. Penelopaya gözəlliyinə görə də elçi düşənlərin sayı yüzü keçmişdi. Axırda qohumlarının məcbur etməsinə dözə bilməyən Penelopa dedi ki, kim Odisseyin oxu ilə 12 yan-yana düzülmüş üzüyün içindən oxu keçirə bilsə, həmin adama ərə gedəcək. Bu zaman Odissey də İtakaya çatdı və kasıb paltarı geyinərək meydana gəldi. Bütün namizədlər oxu atmaq istəsələr də, oxun yayını belə çəkməyə gücləri çatmadı. Daha sonra Odissey oxu götürdü və yayı çəkib elə atdı ki, ox üzüklərə toxunmadan onların içindən keçib getdi. Odissey paltarını çıxardı. Penelopa əvvəlcə inanmasa da, daha sonra Odisseyi tanıdı. Bundan sonra onlar ömürlərinin sonunadək xoşbəxt və firavan yaşadılar.
27.10.2018