Ələmdar Quluzadə. “Gəlin Uşaqlara oxşayaq”
Üfüqlər səmada oyanan səhər,
Dan yeri şəfəqə boyanan səhər.
Uşaqlar sabaha boylanan səhər
Gəlin uşaqlara oxşayaq bir az.
Günəş kainatın çıraq dünyası,
Çiçəklər, ləçəklər budaq dünyası.
Uşaqlar dünyanın uşaq dünyası
Gəlin uşaqlara oxşayaq bir az.
Gözəli köksümdə dil açan dilək,
Dəcəli sinəmdə döyünən ürək.
Gəlin uşaqlarla əl-ələ verək
Gəlin uşaqlara oxşayaq bir az.
Uşaq tək sevinək ocaq görəndə,
Qanadlı quş olaq budaq görəndə
Harda olur-olsun, uşaq görəndə
Gəlin uşaqlara oxşayaq bir az.
Dodaqlar nəğmənin təzəsin deyə,
Gülüşlər dünyanı bəzəsin deyə,
Uşaqlar bizlərə bənzəsin deyə
Gəlin uşaqlara oxşayaq bir az.