Nağıllar, hekayələr

Kral Lir

Kral Lir Britaniyada 60 il ədalətli hökmranlıq sürdü. Oğlu olmasa da, üç qızı var idi – Qonorilya, Reqau və Kordeyla. Kral qızlarının hamısını sevsə də, kiçik qızı Kordelyanı hamıdan çox istəyirdi. 


Artıq qocaldığını hiss edən kral qızlarını tez zamanda ərə verməklə sağ ikən krallığının yarısını onlara vermək istəyirdi. Amma öz qızlarının ona olan sevgisi və sədaqətlərindən əmin olmaq üçün onları yanına çağırdı və soruşdu “Məni nə qədər çox sevirsiz?” Böyük qızı Qonorilya cavab verdi ki, “Ata ! Mən sizi yer üzündə olan hər şeydən çox sevirəm” və and içdi. Reqau dedi ki,  “Ata, mən sizi öz qəlbimdən də çox sevirəm”. Kordeyla cavab verdi ki, “Mən Sizi bir qızın atasını sevməli olduğu qədər sevirəm”.


Kral böyük qızlarından razı qalsa da, Kordelyanın cavabı onu məyus etdi və əsəbləşərək dedi “Sənin sevgin bacılarının mənə olan sevgisi qədər deyil. Sən mənə etinasız yanaşdım və mən də sənə münasibətdə eynisini edəcəm. Qonorilya və Reqauya öz krallığımın yarısının hədiyyə edəcəm. Sənə isə heç nə çatmayacaq. Amma mənim qızım olduğuna görə səni ərə verəcəm, amma ümid eləmə ki, sənin toyun bacılarının toyları kimi möhtəşəm olacaq”. Tezliklə Qonorilya və Reqau əsilzadə oğlanlara ərə getdilər və kral söz verdiyi kimi krallığının yarısını onların arasında bölərək dedi ki, öləndən sonra qalan yarısı da onlara çatacaq. Kordeylanın gözəlliyi və əxlaqı haqqında yaxşı sözlər eşitmiş frank kralı Aqanip isə ona elçi göndərdi. Kral Lir Aqanipə xəbər göndərdi ki, Kordeylanı ona verəcək, amma cehiz üçün heç nə verməyəcək. Çünki onun böyük bacılarına artıq torpaq, qızıl və gümüş vermişdir. Aqanip isə cavab verdi ki, “Torpağım, qızılım və gümüşüm kifayət qədərdir. Mən yaxşı həyat yoldaşı axtarıram”. Kordeyla franklar ölkəsinə getdi və oranın kraliçası oldu.


Bir müddət keçdi Kral Lir qocalıb lap əldən düşdü. Qonorilya və Reqau onu inandırdılar ki, krallığının yarısını da onlara versin, özü isə istədiyi qızının evində rahat yaşaya bilər. Qoca kral 40 etibarlı əsgəri ilə Qonorilyanın evində məskunlaşdı. Onun əri Maqlaun qaynatasına hörmətlə yanaşırdı. Amma iki ildən sonra Qonorilya 40 əsgərin saxlanmasının baha başa gəldiyini deyib atasına onların yarıbayarı azaltmağı tapşırdı.


Özünü təhqir olunmuş hesab edən Lir evi tərk etdi və əsgərləri ilə birlikdə ortancıl qızı Reaunun evinə getdi. Reqau və əri Xenvin onu hörmətlə qarşıladılar. Amma heç bir il keçmədi ki, Reqau tələb etdi ki, atası əsgərlərdən otuz beşini qovsun və yalnız beşini saxlasın. 


Lir bu dəfə də evi tərk etdi və böyük qızı Qonorilyanın yanına qayıtdı. Amma qızı ona yalnız bir əsgər saxlamağa icazə verdi və dedi ki, artıq onun heç nəyi yoxdur və yazığı gəldiyi üçün onu öz evində saxlayacaq. 


Lirin başqa çıxış yolu qalmadığından razılaşdı. Onun tez-tez yadına kiçik qızı düşsə də, onun yanına getməyə cürət etmirdi. Düşünürdü ki, əgər var-dövlət və hakimiyyət verdiyi böyük qızları onunla bu cür rəftar edirlərsə, heç bir cehiz vermədiyi Kordeyla onu eşitmək belə istəməyəcək. 


Amma bir müddət sonra Qonorilyanın evində yaşamaq dözülməz olduğundan Lir Kordeylanın yanına getdi. Qoca Lir öz əsgəri ilə birlikdə gəmiyə mindi və frankların ölkəsinə getdi. Gəmidə çoxlu adamlar var idi və onlar krallığından məhrum olmuş krala hörmət göstərmədilər. Bunu görən Lir üzünü göylərə tutub ağladı: “Ey göylər! Niyə sən mənə müvəqqəti xoşbəxtlik verdin, sonra da aldın. Yadımdadır, minlərlə əsgərin başında mən düşmən ordularını məhv edir, şəhərlərə hücum edirdim. Dövlət idarə edirdim və hamı mənə alqış oxuyurdu. İndi isə mən heç kim olmuşam və keçmiş qüdrətim haqqında xatirələr məni sevindirmir, əksinə məhv edir”. Qoca Lir dərindən ah çəkdi “Təəssüf ki, böyük qızlarım məni yox, onlara verəcəyimi gözlədikləri hədiyyələri sevirmişlər. İndi isə mənim onlara verəcəyim heç nə qalmayıb. Ona görə də mənə sevgiləri tükənib”.


Gəmi sahilə yan aldı və Kral Lir franklar ölkəsinə çatdı. Qızının gözünə görünməyə utanan qoca Lir öz əsgərini şəhərə göndərərək dedi ki, Kordeylaya xəbər ver ki, kasıb və evsiz-eşiksiz atası gəlib və şəhərdən kənarda gözləyir. Əsgərin dediklərini eşidən Kordeyla ağladı və öz qulluqçularına əmr etdi ki, atasını ən yaxın qalaya aparıb yedizdirib-içizdirsinlər və bahalı geyimlər geydirsinlər. Bundan başqa ona qırx nəfərlik qulluqçu verilsin və istirahət etsin. Daha sonra onu əri Aqaniplə görüşdürəcək.  


Bir azdan Kral Lir gözəl geyimdə və qırx nəfər qulluqçusu ilə Aqanip və qızı Kordeyla ilə görüşdü. O başına gələn bütün hadisələri ətraflı danışdı və Aqanipdən xahiş etdi ki, öz krallığını qaytarmaq üçün ona kömək etsin.


Aqanip Franklar ölkəsinin dörd bir yanından ona yaxşı silahlanmış əsgərlər yığdı və Kral Lir güclü bir ordunun başında gəmilərlə Britaniyaya qayıtdı. Qoca kral etibarsız qızları tərəfindən göndərilmiş orduları məğlub etdi və hakimiyyətini qaytardı.


Bir müddət sonra Kordeylanın əri Aqanip vəfat etdi və o, franklar ölkəsini tərk edib atasının yanına qayıtdı. 


Kral Lir üç il də yaşadıqdan sonra vəfat etdi və öləndə krallığını kiçik qızı Kordeylaya vəsiyyət etdi. Kordeyla Britaniyanın kraliçası oldu. Onun 5 illik hökmranlığı dövründə rifah və sabitlik idi. Amma bir müddət sonra Qonorilya və Reqaunun oğulları Kordeylaya qarşı üsyan qaldırdılar və döyüşdə əsir düşən kraliça buna dözməyərək intihar etdi. Daha sonra isə qardaşlardan biri digərini öldürdü və hakimiyyəti ələ keçirdi. 


Kral Lir və 3 qızı haqqında əfsanə müasir dövrdə daha çox Şekspirin eyni adlı faciəsinə görə məşhurdur. Əsər dünyanın bir çox teatrlarında səhnələşdirilmişdir.