Nağıllar, hekayələr

Mətanət Ulu Şirvanlı. Merinin yuxusu

Biri vardı, biri yox... Bir yalan var, bir kələk. Bəs yanımda niyə yox, Yuxumda olan mələk?! Balaca Merinin yuxusu gözlərindən tökülürdü. Anası ona qırmızı, sadə gecə paltarı geyindirdi. O, anasının qucağına sığındı. Və tezliklə yuxuya getdi... ...Göydə ulduzlar bərq vurub, Merinin üzünə şəfəq çilədi. Meriyə elə gəldi ki, göydən kim isə ona gülümsədi. O, əlini göyə uzatdı. O andaca göydən zərif qanadlı, balaca bir mələk uçaraq Merinin yanına qondu. Merinin ətrafını ətir iyi bürüdü. 


– Uşaqlar, bilirsinizmi, Merinin yanına gələn kimdi? 


O, gecə mələyidir. Gündüzlər yatar, gecələr isə anasını çox sevən uşaqlarla söhbət etmək üçün göydən yerə enər. Budur, gecə mələyi bu gün bizim Merinin yanına gəlib.


 Mələk mehriban və zərif gülüşlə dedi:


 – Salam Meri. 


– Salam. 


Sənin adın nədi? – Meri soruşdu.


 – Lamə. 


Mənim adım Lamədir.


 – Lamə, kiçik pəri! – deyə, Meri bir neçə dəfə onun adını pıçıldadı. Meri Laməni maraqla süzdü. Gecə mələyi gözəl idi. Olduqca zərif və ətirli idi. Əyninə buludlardan gecə köynəyi geyinmişdi. Meri ona yaxınlaşdı. Əlini onun paltarına çəkdi. Ona elə gəldi ki, əlləri buludun içərisinə düşdü. 


Necə də gözəldir paltarınız – dedi. Parlaq, yumşaq və pəmbədir. Özünüz də gözəlsiz. – Meri soruşdu:


 – Lamə, sənin yaşadığın Planetin adı nədi?


Lamə: – Mən Buludlar ölkəsindən gəlmişəm. Yaşadığım məkanın adı Cənnətdir. 


Meri düşünürdü: – Deyəsən, kim isə yadına düşmüşdü . O, Laməyə: – Siz mənim anam kimi gözəlsiniz, dedi. 


Lamə qaşlarını çatdı və dedi: – Mən pəri qızıyam.


Meri: – Mənim anam da pəri kimidir. 


Lamə soruşdu: – Anan gözəldi, ya mən? Bax a, məni qane edən cavab versən, bu gözəl gecə paltarını sənə bağışlayacağam.


Meri ürəyində; Bu pəri qızı gözəldir, düşündü. Yox, gecə köynəyinə anamı dəyişə bilmərəm. Düşündü və dilləndi; 


– Yox, mənim anam sizdən həm gözəl, həm də mehribandır. Lamə Meriyə yaxınlaşdı, sarı saçlarını sığalladı, üzündən öpdü. Və bundan sonra göyə buxarlandı. 


Səhər açıldı. Meri yuxudan oyandı. Yanında kimsəni görmədi. Ayağa qalxdı, gözlərinə inanmadı. O, qırmızı gecə köynəyinin əvəzinə Lamənin buludlardan olan pəmbə gecə köynəyini əynində gördü. Hə, uşaqlar, sən demə, xeyirxah Lamə gecə köynəyini ona geyindirib, sonra da uçaraq öz ölkəsi olan Göylər səltənətinə gedib.


Uşaqlar, gecəniz xeyirə qalsın, yuxunuz şirin olsun. Və günlərin bir günündə gecə mələyi Lamə sizin də qonağınız olsun!