Bu maraqlıdır!

İt insanları necə xilas etdi

1919-cu ilin dekabrında güclü çovğun zamanı “Eti” gəmisi Kanada yaxınlarında Nyufaundlend sahillərində qayaya çırpıldı. Göyərtədəki 93 nəfər aciz şəkildə qəzəbli dəniz dalğalarının gəmini qayalara vurmasını izləyirdi. Heyət üzvləri sahildəki insanlara gəmi kanatlarından birini tullamağa çalışsa da, bu cəhd uğursuz alındı. Bu zaman dənizçilərdən biri sahilə tərəf üzmək üçün kanatdan yapışaraq suya atladı. Lakin güclü çovğun onu açıq dənizə sovurdu və dənizçi boğuldu. Gəmi kapitanının dalğıc cinsinə mənsub Tanq adlı iti vardı. O, bütün dəniz səfərləri zamanı kapitanı müşayiət edərdi. Kapitan Tanqın gəmidəki insanlar üçün sonuncu ümid yeri olduğunu yaxşı bilirdi. O, kanatı itə verib onun suya tullanmasına və kanatı sahilə aparmasına kömək etdi.

 

Nəhəng dalğaların və çovğunun pəncəsində suyun səthində qala bilmək köpək üçün olduqca çətin idi. O, həm də, güclü yeraltı cərəyanla mübarizə etməli idi. Su onun gözlərinə və qulaqlarına dolurdu. Lakin o, bu cür maneələri aşıb sahilə tərəf üzürdü. Sahildəki insanlar onun qabağına qaçdılar və Tanqı təhlükəsiz yerə apardılar. İtin ağzından kanatı alıb dirəyə doladılar. Artıq batmaq təhlükəsi ilə üz-üzə qalmış gəmini sahilə çıxarmaq üçün imkan yaranmışdı. Göyərtədəki 92 nəfər xilas edildi. Sahilə çıxdıqdan sonra Tanqın nə etməsi haqqında heç bir məlumat yoxdur. 


Londonun məşhur “Lloyds” sığorta şirkəti Tanqı ömrünün sonunadək boynunda gəzdirdiyi cəsurluq medalı ilə təltif etdi.