Ələmdar Quluzadə. “Dünyaya uşaq gəlir”
Ətirli, gül-çiçəkdi,
Yazdı, bahardı uşaq.
Dodaqda bal kimidir,
Budaqda bardı uşaq.
Günəşin zərrələri,
Yazın yağışıdır o.
Gözümüzün işığı,
Ərzin naxışıdır o.
Uşaq tək əzizlənən
Silahlar uşaq deyil.
Dünya ilə oynama,
Dünya oyuncaq deyil.
Əsək uşağın üstdə,
Kəsək yolunu şərin.
Uşaq səsindən gözəl
Nəyi var ki, bəşərin.
Kini, küdurəti yox,
Vicdanı dümağ gəlir.
Dünya ayağa qalxsın,
Dünyaya uşaq gəlir!
Uşaq gəlmir bu qoca
Dünyaya daş atmağa,
Uşaq gəlir bu qoca
Dünyanı yaşatmağa.
19.10.2018