Nağıllar, hekayələr

Mətanət Ulu Şirvanlı. "Beş barmaq"

Biri vardı, biri yoxdu... Bir əl vardı. Bu əlin bir ovcu və beş barmağı vardı, Onlara beş qardaş deyərdilər. Qardaşların ən böyüyünün boyu balaca, İkincisinin boyu bir az ondan böyük, üçüncü qardaş hamısından hündür, dördüncü orta- boylu, sonuncu barmaq olan sonbeşik isə hamısından kiçik idi.

Birincinin adı - Başbarmaq, ikincinin - Şəhadətbarmaq, üçün-cünün - Topalbarmaq, dördün¬cünün — Nişanbarmaq, beşincinin isə adı Çeçələbarmaq idi.

Beş barmaq birlikdə şənlənər, ovucun içərisində açılar-yumular, bir-birlərini həddindən artıq sevər və mehriban yaşayardılar. Onlar çox zəhmətkeş idilər. Birlikdə hər bir işin öhdəsindən asanlıqla gələrdilər. Dünyada yaranan gözəl nə varsa, hamısını onlar qurub-yaradırdılar. Bir sözlə, günlərini əmək və fıravanlıqla keçirirdilər.

Onları tanıyanlar böyük qardaşı Başbarmaq, şəhadətbarmağını Başa- labarmaq, orta barmağı Uzun Hacı, dördüncü barmağı Gültopacı, çeçələ barmağı isə kiçik bacı çağırardılar, Hətta onlar tez-tez çalıb-oynayar, mahnı oxuyardılar. Ən çox sevdikləri mahnı isə belədir;
Başbarmaq nanay... nay...
Qavalı gətir, edək toy! 
Başalabarmaq nanay...nay... 
Gözəl keçsin bizim toy!
Ay nanay... ay nanay...
Uzun Hacı oynasın,
Hamıya noğul paylasın.
Gültopacı nanay...nay...
Allah bizi saxlasın
Ay nanay...ay nanay....
Kiçik bacı, nanay....nay...
Nə durmusan, dur oynat 
Xonçam gülür, nanay...
 Xınanı gətir nanay...
Ay nanay...ay nanay...
Başbarmaq nanay...nay... 
Başalabarmaq nanay...nay. 
Uzun Hacı nanay...nay... 
Gültopacı nanay...nay... 
Çeçələ bacı, nanay...nay... 
Ay nanay...ay nanay...

Beləcə xoşbəxt yaşayırdılar. Amma onlar lovğa deyildilər. Çoxları onların mehribanlığının paxıllığını çəkərdilər.

Bir gün dodaq oxumaqdan yorul¬du. Odur ki, biclik işlədib, böyük qar¬daşa dedi;
- Başbarmaq, qardaşların səni sevmirlər.
Başbarmaq isə cavabında;
-Xeyr, bu düz deyil. Qardaşlarım məni çox istəyirlər.
-Dodaq deyir:
-Sən qardaşlarına fikir ver, onlar hər zaman dördü də birlikdə gəzirlər.

Səni isə özlərindən kənarda tuturlar. İnanmırsansa, əli qaldır bax, sən onlardan kənarda görünəcəksən.

Başbarmaq əli qaldırıb baxır və görür ki, qardaşların dördü də yan-yana düzülüb, təkcə Başbarmaq kənarda qalıb. Başbarmaq məyus olur. Bünu görən dodaq üyüdüb tökür:
— Başbarmaq qoy səni başa salım; düzdür, sən böyük qardaşsan, buna baxmayaraq Şəhadət barmağı özünü qabağa tutar, səni saymaz, hər şeyi göstərər və yeni-yeni qərarlar verər. Topal qardaşın isə səni saymaz, orta barmağam deyib, ortada yeyib, qıraqda gəzər. Nişanbarmaq da bir toy və yaxud, nişan olan kimi üzüyü barmağına keçirib, sənə acıq verə-verə şənliklərdə oynayar, Çeçələbarmaq da qardaşlarından nümunə götürüb, səni saymaz hər vaxt səndən uzaq gəzər, özünü əlin kənarına verib, yatıb-yayxanar səni saya salmaz. Sən isə bunları anlamır, işin ağırlığını öz üzərinə götürüb, onlara kömək edirsən. Gördünmü, qardaşların sənə necə kələk gəliblər?!

İndi ki, təksən, öz işini də tək gör. Onlara hamballıq etmə, - dodaq Başbarmağa dedi.

Başbarmaq onun sözünə inanıb, qardaşlarından küsdü. Bir gün yeni bina tikmək lazım gələn zaman qardaşlar görür ki, Başbarmaq onlara kömək etmir. Qatlanıb ovucun içərisində; yatıb. Barmaqlar nə qədər edirlərsə, Başbarmaq onlara kömək etmir. Onlar çarəsiz qalırlar. Beləcə günlər ötür...

Başbarmağın qardaşları onu tək buraxmaq istəmir, lakin o qardaşlarını özünə yaxın qoymur, üzlərinə belə baxmırdi. Lakin barmaqlar ondan incimirdilər. Başbarmaq ovucun içərisində özünə kiçik koma tikmək İstədi. Amma tək olduğundan nə qədər etdisə bacarmadı. Fikirləşdi ki, yəqin əsəbiyəm, onun üçün iş görməyi bacarmadım. Bir müddətdən sonra özümə yeni koma tikəcəyəm. Hələ ki, yatım, dincəlim.

Bu minvalla zaman Ötür. Nəhayət, Başbarmaq təklikdən darıxır, əylənmək istəyir. Onun könlündən qarmonda ifa etmək keçir.

Qarmona yaxınlaşdı, götürmək, çalıb, oxumaq istədi. Nə qədər çalışdısa, qarmonu əlinə ala bilmədi. Qarmonun üzərində atılıb-düşdü, könül oxşayan musiqi səsi yerinə qarmondan əcaib səslər çıxdı. Baş verən hadisələri kənardan izləyən qardaşlar Başbarmağa yaxınlaşıb dedilər:
-Başbarmaq qardaş, sənsiz biz, bizsiz də sən heç bir iş görə bilmərik. Güc birlikdədir!

Onlar birlikdə qarmonu ifa etməyə başladılar.

Beş barmaq qardaşlar qarmonun dilləri üzərində sağa-sola şütüyür, musiqi sədaları ovucun içərisindən süzülərək ətrafı şənləndirirdi. Başbarmaq baxır görür ki, bütün barmaqlar işləyir. Hətta ən az işləyən onun özü imiş. Bunu görən Başbarmaq utandı. Heç kimin sözünə inanıb, bir daha qardaşlarını tərk etmədi.

Bu hadisədən sonra barmaqlar bir-birilərini daha da çox sevdilər, Onlar birləşdilər. Büküləndə yumruq, açılanda əllər oldular. Qurdular-yaratdılar. Toyda- mağarda oldular və şənliklərdə oxudular, oynadılar və oxuyanda bu sözləri işlətdilər:
Barmaqlar oy, barmaqlar, 
Ay nanay...ay nanay...
 Üstə durub dırnaqlar,
 Ay nanay...ay nanay...
 Paxılların acığına, 
Ay nanay...ay nanay...
 Barışdılar barmaqlar. 
Ay nanay...ay nanay...

(“Merinin nağıllar dünyası” kitabından)