Görkəmli şəxsiyyətlər

Azərbaycan xalqının ilk maarifçi qadınlarından olan Şəfiqə Əfəndizadə

Azərbaycanlı qadınlar arasında təhsilin, maarifçiliyin yayılması çətin, kəşməkəşli bir yol keçib. XX əsrin əvvəllərinə aid bu prosesdə yeniliklərdən tərəddüd edən və geri çəkilənlər də çox idi. Ancaq təşəbbüs göstərən, bu işə dəstək verən maarifçi qadınlar da var idi. Azərbaycanlı maarifpərvər qadınlardan biri də Şəfiqə Əfəndizadə idi.


      
Şəfiqə Əfəndizadə 1882-ci ildə Gürcüstanın tarixən türklərin (Ahıska) yaşadığı Cavaxetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində anadan olub. Övladlarının təhsil almasına xüsusi diqqət göstərən atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və müəllimi idi.  Şəfiqə də bacısı Səidə ilə təhsillərini məhz atasından alıb. On dörd yaşında Nuxa (indiki Şəki) şəhərinə gəlib burada atasının çalışdığı “Darrüssiyada“ məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi qrupda dərs deyir.

 

Daha sonra Bakıya gəlib qadın savadsızlığına qarşı mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışıb. 1901-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açıb. Bununla da müsəlman Şərqində qadınların yüksək təhsil almasının təməli qoyulur.


Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Şeyxzadəyə məktub yazaraq ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Ata bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün, belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə 1901-ci ildə Tiflisə qayıdır, orada imtahan verir və müəllimlik attestatı alır.

 

Şəfiqə Əfəndizadə cəhalətin hökm sürdüyü bir vaxtda müəllimə rəfiqəsi Səkinə Axundzadə ilə birlikdə dram dərnəyi yaradır. Qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, dövrün mətbuat xülasələri ilə tanış edir.

 

Gənc qızların yüksək təhsil almasına çalışan Şəfiqə xanım 1910-cu ilədək bu məktəbdə müəllimə kimi çalışır. 


O, həm də ilk qadın jurnalist olaraq publisistik fəaliyyətlə məşğul olur. 1903-cü ildə ilk qələm təcrübəsini "Şərqi-rus" qəzetində dərc etdirir. Sonralar qəzetdə dərc etdirdiyi məqalələrində qadınları maarifə, təhsil almağa çağırır. 


Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə "Analar! Qızlarınızı oxudunuz!" deyə qadınlara müraciət edir. Onun "Azərbaycan" qəzeti ilə əməkdaşlığı Xalq Cümhuriyyətinin süqutunadək davam edir. 


Şəfiqə Əfəndizadə 1959-cu ildə vəfat edib.