Görkəmli şəxsiyyətlər

Ceki Çan

Ceki Çan çəkildiyi filmlərdə ən təhlükəli tryukları özü ifa edib. Əksər hallarda, başqa aktyorların tryuklarını da cəsarətlə ifa edib.
 
Ceki Çan risk dolu tryukları ifa edərkən dəfələrlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Buna görə dünyanın tanınmış sığorta şirkətləri Çana külli miqdarda pul ödəmək məcburiyyətində qalıb. Bu səbəbdən də onun adı sığorta şirkətləri tərəfindən qara siyahıya salınmışdı. Çanı tanıyan bəzi şirkətlər hətta onunla yeni sığorta müqaviləsi bağlamaqdan imtina edirdilər. Ən ağır zədəni isə 1986-cı ildə “Allahların uğurları” adlı filmdə çəkilərkən almışdı. Çəkilişlər zamanı ağacdan yıxılan aktyorun kəllə sümükləri sınmış və o, uzun müddət müalicə olunmuşdu. Buna baxmayaraq, Çan sonralar da təhlükəli tryukları yerinə yetirməkdə davam edirdi. Yalnız 2005-ci ildən etibarən o, təhlükəli tryuklardan imtina etdi.
 
Dünyanın məşhur kino aktyorları kimi, Ceki Çanın da Honkonqdakı Ulduzlar avenyusunda, həmçinin Hollivudun Ulduzlar alleyasında və Moskvadakı köhnə Arbatda öz ulduzu var.
 
Çan çəkildiyi filmlərə görə kifayət qədər yüksək qonorar alıb. Çan rəngarəng döyüş səhnələrini canlandıran kinoaktyor deyil, həm də pop müğənnisi kimi tanınırdı. 1984-cü ildən başlayaraq, o, 100-dən artıq mahnıdan ibarət 20 albom buraxdı. O, mahir aktyor olduğu kimi, həm də yaxşı müğənnidir. Kasıb ailədə anadan olan Çan bu gün artıq dünyanın ən çox qazanan aktyorlarından biri hesab edilir. Milyonları olmasına baxmayaraq, Çan özünün kasıb keçmişini unutmur. Bu məqsədlə də həvəslə xeyriyyəçiliklə məşğul olur. Ceki Çan, həmçinin sunami və zəlzələdən zərərçəkmiş yapon xalqına 3,3 milyon dollar yardım göndərib. O, öz çıxışı zamanı belə deyib: “Məqsədim ehtiyacı olan insanlara kömək etməkdir. Mən istəyirəm ki, dünyamı dəyişdiyim zaman bank hesabımda bir sent belə qalmasın”.