Şeirlər

Bəxtiyar Vahabzadə. “Ağıl başqa, ürək başqa”

Ağıl başqa, ürək başqa
Bir-birinə bənzəsə də, 
Yel başqadır, külək başqa. 
Ətri də xoş, rəngi də xoş 
Gül başqadır, çiçək başqa. 
Hər diki yoxuş bilmə, gəl, 
Hər meyi meyxoş bilmə, gəl. 
Hər uçanı quş bilmə, gəl 
Quş başqadır, böcək başqa. 

 

Hər dərdinə ortaq mənəm, 
Hər ağrını tən bölənəm, 
Sən çəkənsən, mən gələnəm 
Gəmi başqa, yedək başqa. 

 

 

 

 

 

Haqqın yolu-öz yolumdur, 
Əyilməyən düz yolumdur, 
Xeyirlə şər sağ - solumdur 
Şeytan başqa, mələk başqa. 

 

 

Bir diləyə mən calandım, 
Gah qazandım, gah talandım, 
Ömrüm boyu haçalandım 
Ağıl başqa, ürək başqa. 

 

Dilək oldu mənim adım, 
Pərvazlandı qol-qanadım, 
Ҫatmadı səbrim, inadım 
Əməl başqa, dilək başqa.