Görkəmli şəxsiyyətlər

Qalileo Qaliley

Binoklu götürüb Aya baxaq. Orada nə görürük? Ay sanki yaxınlaşıb. Özü də əvvəlki kimi hamar görünmür. Onun səthində sanki pərgarla çəkilmiş çevrələri görürsənmi?  Bunlar Aydakı dağlardır.

 

Bilirsən, Ayı ilk dəfə bu cür kim müşahidə edib? Böyük italyan alimi, fizik və astronom Qalileo Qaliley.  O, çox qeyri-adi insan idi. İlk baxışda əhəmiyyətsiz görünən hadisələrdən  mühüm nəticələr çıxarırdı. 

 

O vaxtlar insanlar hələ də Yer kürəsinin Kainatın mərkəzi olması,  Günəşin, planet və ulduzların onun ətrafında fırlanması  barədə kilsə təliminə inanırdılar.  Kilsə  başqa cür düşünənlərə amansız divan tuturdu. Cordano Bruno buna görə 1600-cü ildə tonqalda yandırıldı.

 

Qalileo Qaliley  1564-cü il fevralın 15-də Piza şəhərində yoxsul zadəgan ailəsində anadan olub.  O, uşaqlıqdan ağıllı, fərasətli və diqqətli idi. Qaliley atasının məsləhəti ilə Piza Universitetinin tibb fakültəsinə daxil olur. Lakin təbabətə maraq göstərmədiyindən universiteti buraxır, riyaziyyat və mexanikanı öyrənməyə başlayır.

 

Qaliley 18 yaşında ilk kəşfini edir. Kilsədə çilçıraqların yırğalanmasını müşahidə edən gənc Qaliley görür ki, çilçırağın yırğalanma müddəti rəqsin amplitudasından asılı deyildir.  O dövrdə  adi  saatlar yox idi. Qaliley müşahidə etdiklərini yoxlamaq üçün  nəbzindən istifadə edir və düzgün nəticə çıxarır.  Sonralar bu kəşf əsasında kəfkirli saat ixtira olunur.

 

Qalileyə qədər hesab olunurdu ki,  ağır və yüngül əşyalar eyni sürətlə düşmür.  O, bu faktı eksperiment yolu ilə  yoxlamaq qərarına gəlir. Maili olan Piza qülləsindən eyni ölçüdə taxta və çuqun kürələr atan alim kürələrin təqribən  eyni vaxtda düşdüyünü müşahidə edir, onların sürətindəki cüzi fərqi isə çox doğru olaraq  havanın müqaviməti  ilə izah edir. Q.Qaliley həmin təcrübəni dəfələrlə təkrar edərək sübuta yetirir ki, cismin düşmə sürəti əvvəllər hesab olunduğu kimi onun kütləsindən asılı deyildir.

 

Hollandiyada müşahidə borusunun ixtira olunduğunu eşidən Qaliley düşünür: “Belə borunu  gecə səmaya yönəltmək olarmı?” İlk teleskopu Qaliley özü  düzəldir.  Bu teleskop çox zəif idi: yaxşı binokldan da az - cəmi üç dəfə böyüdürdü.  Çox keçmədən  Qalileyin müşahidə borusu artıq  32 dəfə böyüdür və hər aydın gecə səmaya tuşlanırdı. Qaliley Ayda dağları, Günəşdə ləkələri görür! Ləkələr  günəş diski üzərində hərəkət edir. Deməli, Yer kürəsi və planetlər kimi Günəş də  öz oxu ətrafında fırlanır. Qaliley Yupiterin  dörd peykini kəşf edir, Veneranın fazalarını müşahidə edir. Alim aşkar edir ki, Süd yolu çoxsaylı ulduzlar topasıdır.

 

Qaliley “Ulduzlar haqqında xəbərlər” kitabında müasirlərinə qeyri-adi kəşfləri barədə məlumat verir. Lakin kilsə də sayıqlığını itirmir. Alimi kilsə məhkəməsinə - qorxunc inkvizisiyaya çağırırlar. Qalileyi həbsə atırlar. Alimi işgəncə və tonqalda yandırmaq ilə təhdid edən  inkvizitorlar onu   Kopernikin təlimindən imtina etməyə məcbur edirlər.  Böyük fizik və astronom, rəssam və yazıçı doqquz il ev dustağı olsa da, elmdən uzaqlaşmır, hətta  kor vəziyyətdə də yeni kitablar diqtə edir.

 

1642-ci il  yanvarın 8-də 78 yaşında vəfat edən Qaliley Florensiyada Santa-Kroçe  kapellasında dəfn olunub. 1992-ci ildə  katolik kilsəsi etiraf etdi ki, alimi səhvən  mühakimə edib.

 

Əfsanəyə görə, məhkəmə salonundan çıxan  Qaliley deyib: “Hər halda o, fırlanır”. Bu, əfsanədir, lakin  Kainatın quruluşu barədə  XVI-XVII əsrlərdə yaranan elmi təsəvvürün mahiyyətini bu sözlərlə qısa ifadə etmək olar.