Şeirlər

Bəxtiyar Vahabzadə. "Ürək"

  Ürək odur daim yana, 
  Od püskürə alovlana. 
  Od vermirsə qəlbə, cana 
  Demək o heç ürək deyil. 
  O heç mənə gərək deyil. 

 

  Əgər ki, sevinib gülmür, 
  Döyüntüsün heç kim bilmir, 
  Çırpıntısı eşidilmir 
  Demək o, heç ürək deyil. 
  O heç mənə gərək deyil. 

 

  Vətəniyçün lazım gəlsə 
  Polad kimi gərilməsə, 
  Torpağına sərilməsə 
  Demək o heç ürək deyil. 
  O heç mənə gərək deyil. 

 

  Neyləyirəm o ürəyi- 
  Yox arzusu bir diləyi!? 
  Bacarmırsa o sevməyi 
  Demək o heç ürək deyil. 
  O heç mənə gərək deyil!