Şeirlər

Zahid Xəlil. "Qonaq gedir ağ gəmi"

Kağız yelkən açıldı,
Bənzədi ağ yumağa.
Ləngərlədi, düzəldi,
Gəmim üzdü uzağa.


Oxşayır göy dənizdə
Nöqtə boyda kölgəyə.
Üzüb getdi o gəmi
Nağılvari ölkəyə.

 

 


Orda məftil üstündə
Oynayır pəhləvanlar.
Gələnlərə ən dadlı
Kətə paylayır onlar.


Şəhərin qapısında
Qoca pələng bağırır.
Adamları çalmağa,
Oynamağa çağırır.

 

 


Mənim gəmim çatanda
Atılacaq fişənglər.
Üstündəki yazını
Oxuyub, deyəcəklər:


- Usta yoxmuş dünyada
Yəqin bu “Yura” kimi.
Nağılvari ölkəyə
Xoş gəlibdir ağ gəmi.