Şeirlər

Abbas Səhhət. "Yay səhəri"

Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.

 

Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban.

 

Yumşaq göy çəmənin üstə düşüb şeh gecədən,
İsti yoxdur, hələ var bir balaca meh gecədən.

 

Ağ dumanlar ucalır göy üzünə dağlardan,
Çox sərindir havası, keçmə bu yaylaqlardan.

 

Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır,
Kəndlilər çox yorulub, uyqudan indi oyanır.

 

Pəyədən mal-qaranı bəzi çıxardır qırağa,
Bəzi səhrayə gedir işləməyə, bəzi bağa.