Bu maraqlıdır!

Sirk necə yaranıb?

İnsanlar nə üçün sirki sevirlər?  Yəqin ona görə ki, sirk əsl bayramdır.  Burada ucadan musiqi səslənir, rəngbərəng işıqlar yanır,  qeyri-adi hadisələr baş verir! Əllərin üstündə gəzən, yəhərin üstündə dik dayanıb  at çapan  adamları daha harada görmək olar?  Sirki səmimi, açıq və cəsarətli mühit yaratdığına görə sevirlər.  Məşhur sirk artisti  Yuri Nikulin deyirdi ki,  sirk sevindirməyi, təəccübləndirməyi və bir az da qorxutmağı bacaran yer olmalıdır.

"Circus” latın sözündən əmələ gələn “sirk” dairə deməkdir.  Onun yaranmasının dəqiq vaxtı məlum deyil. Yalnız bunu demək olar ki, sirk  akrobatika, ekvilibristika, jonqlyorluq, klounada və heyvan təlimini ehtiva edən həmişəcavan  sənətdir.    Uzaq zamanlarda Şərq ölkələrində sənətkarlar hazırladıqları burazın möhkəm olduğunu  isbat etmək üçün onu tarım çəkib uclarını möhkəm dirəklərə bağlayır, üstündə gəzir, qaçır, hoppanır, əlqərəz, min bir hoqqadan çıxırdılar. Afrikada döyüşçülərin hazırlanmasında akrobatik  hərəkətlərə (havada fırlanma,   yerdə və havada mayallaq aşma) böyük əhəmiyyət verilirdi.  Sonralar həmin hərəkətlərdən akrobatik tullanmalar inkişaf edir.  Qədim Misir, Qədim Yunanıstan, Qədim Roma və Bizansda  peşəkar sirk artistlərinin çıxışları geniş yayılmışdı.  Qədim Roma sirklərində cəng arabalarında yarışlar keçirilir, fasilədə isə  akrobatlar, jonqlyorlar,  heyvan təlimçiləri  çıxış edirdilər.

Küçə artistləri  - Azərbaycanda kəndirbazlar və məzhəkəçilər, Fransada jonqlyorlar, Almaniyada şpilmanlar, Rusiyada təlxəklər, Polşada  frantlar, Orta Asiyada dorbozlar sirkin inkişafında xüsusi rol oynayıblar.  Onlar komik səhnəciklər, kukla tamaşaları təqdim edirdilər. Proqramlarında səs təqlidçilərinin, akrobatların və jonqlyorların,  müxtəlif heyvan, o cümlədən at  təlimçilərinin çıxışları nəzərdə tutulurdu. 

XII əsrdə İtaliyada, daha sonra Avropanın digər ölkələrində atsürmə məktəbləri fəaliyyət göstərməyə başlayır.  Sirk artistlərinin ilk nəsli bu məktəblərdə yetişir.

Dünyada ilk sirk  - amfiteatr 1780-ci ildə  Londonda yaradılıb. 1807-ci ildə Antonio Frankoni  Parisdə  yeni bina inşa etdirir və onu Olimpiya sirki adlandırır.  Rusiyada  ilk stasionar sirk  1827-ci il dekabrın 11-də  Peterburqda açılıb.

Azərbaycanda sirk sənətinin kökləri “Kos-kosa” mərasim oyununun qəhrəmanlarının, ağacayaqlarla şənliklərə rəng qatan kəndirbazların çıxışlarından qaynaqlanır. Amma peşəkar sirk kollektivi 1945-ci ildə yaradılıb.  Kollektivdə  estrada artistləri və  bədii  özfəaliyyət  dərnəklərinin iştirakçıları təmsil olunublar.  Artıq  1946-cı ildən başlayaraq  Bakı sirkinin  truppası  müntəzəm surətdə Sovet İttifaqının şəhərlərinə qastrol səfərlərinə çıxıb.  Kollektiv  “Biz Bakıdanıq”  və “Qaya üzərində şəfəq”  proqramlarını təqdim edib.  Bakı Sirki “Qaya üzərində şəfəq”  proqramı ilə  Qərbi Avropa, Asiya, Afrika ölkələrində, habelə Amerikada qastrol səfərlərində olub. Bakılı uşaqların sevimli məkanına çevrilən Bakı Sirkinin yeni binası isə  1967-ci ildə istifadəyə verilib.