Bu maraqlıdır!

Skelet bədənimizin möhkəm və elastik modelidir

Skelet olmasaydı, insan meduza kimi döşəməyə yayılardı. Yaxşı ki, insan orqanizminin onu həmişə dik və möhkəm saxlayan davamlı təməli var.

 

İlk baxışda sümüklər  cansız görünür. Lakin bu, aldadıcı təəssüratdır.  Onların  bozumtul-ağ  toxumasında sümük  hüceyrələri -  osteositlər qaynaşır.  Lakin osteositlər böyük çəkiyə davam gətirmək üçün çox yumşaqdır.  Ona görə də  hüceyrələr  möhkəm materialla - əhəng  duzları ilə  əhatə olunub.

 

Belə mürəkkəb konstruksuiya sayəsində bədənimizin karkası  möhkəm, eyni zamanda  elastikdir.  O, zərbələri yumşalda bilər.  Buna baxmayaraq, çəkisi olduqca azdır, çünki  sümüklər çox vaxt iliklə  dolu məsaməli toxumadan ibarətdir. 

 

Sümüklər zahirdə möhkəm, daxildə  yumşaqdır.  Möhkəm sümük toxuması  nazik qabıqla  - sümük üstlüyü ilə örtülüb. Qan damarları onun vasitəsilə sümüyə keçir,  sümük hüceyrələrini  bəsləyici maddələr və oksigenlə  təmin edir. Mərkəzdə iliklə dolu məsaməli  maddə yerləşir.

 

İnsan skeletini təşkil edən  müxtəlif  sümüklərin sayı  o qədər çoxdur ki,  adama elə gəlir,  saymaqla bitməz. Amma alimlər sümüklərin sayını  çoxdan hesablayıblar. Məlum olub ki,  skelet 206 sümükdən ibarətdir. Bu sümüklərin bəziləri  kibrit çöpü kimi nazik, digərləri dəyənək kimi qalındır.  Buna baxmayaraq, skelet  çox yüngüldür və bədənin çəkisinin cəmi 12 faizini təşkil edir.

 

Uşaqların sümükləri  böyüklərə nisbətən daha elastikdir.  Yıxılanda və ya zərbə alanda asanlıla sınmır. Lakin sınıbsa, dözülməz vəziyyət yaranır: sınıq yeri  qızarır, şişir və bərk ağrımağa başlayır. Onda mütləq həkimə getmək lazımdır.

 

Həkim əvvəlcə  rentgen müayinəsi yolu ilə sınmanın  növünü müəyyənləşdirir. Bəzi sınmalar  bir neçə həftə ərzində öz-özünə  bitişir, bəzi hallarda isə  mürəkkəb əməliyyat tələb olunur, sağalma isə  aylarla davam edir.

 

Adi sınma zamanı  sümük  iki hissəyə bölünür.  Həkim yalnız  həmin hissələrin düzgün bitişməsinə nəzarət edir. Zədələnmiş yerə sakitlik lazımdır. Pasiyentin zədələnmiş  ətrafını tərpətməməsi üçün həkim həmin yerə gips qoyur.

 

Nəhayət,  orqanizm  sınmış sümüyü  bərpa etməyə başlayır. Onun hissələri arasındakı  aralar  lifli toxuma ilə dolur. Buna  xüsusi işçi hüceyrələr - osteoblastlar  cavabdehdir.  Onlar  sümüyü hissə-hissə bərpa edir.