Heraklın on birinci qoçaqlığı. “Heraklın Atlantla görüşü”.
Qüdrətli Herakl artıq on qoçaqlıq görsətmişdi. Heranın və Evrisfeyin onu məğlub etmək arzusu ürəyində qalırdı. Kinli ilahə və qorxaq hökmdar Zevsin oğlu üçün daha təhlükəli və çətin tapşırıqlar axtarırıdılar. Nəhayət, belə bir tapşırıq tapıldı.
Herionun öküzlərinin böyürtüsü Arqos tövlələrindən yenicə kəsilmişdi ki, bu miskin hökmdar yenə öz böyük nökərini yanına çağırtdırıb dedi:
-Mənə qəribə bir əhvalat danışıblar. Nəhayət Atlant bizdən xeyli uzaqlarda, dünyanın o biri tərəfində, ucsuz-bucaqsız okeanın sahilindəki çılpaq qayaların üstündə bir bağ salıb. Bu bağın bir tərəfindən günəşin tamam qurutduğu geniş bir səhra başlanır. Həmin səhra qorxunc ilanlar və əqrəblərlə doludur. Bağın o biri tərəfində isə, günəşin batdığı yerdə, mavi dənizin üzərində gecə ilahəsinin səltənəti yerləşir. Gecənin qızları Atlantın bağını qorumaq üçün hər axşam bu səltənətin tünd mavi rəngli ənginliklərindən uçub gəlirlər. Bu bağ doğrudan da qorunmalı bağdır, çünki dünyada bu bağ qədər gözəl və mənzərəli yer yoxdur. Axşamlar toranlıq düşəndə qızıl kimi parlaq, iri gözlü quşlar bu bağda budaqdan budağa qonub cəh-cəh vurur. Büllur kimi şəffaf sulu çeşmələr qulaqları oxşayan şırıltı ilə axır. Bu çeşmələrin suyu o qədər durudur ki, dibindəki qızıl qum aydın görünür. Göz yaşı kimi dumduru suyu olan hovuzlarda dünyanın ən gözəl gülləri çiçəkləyib ətir saçır. Ara-sıra əlvan balıqlar bu gözəl güllərin yarpaqları altından üzüb suyun üzərinə çıxırlar. Bağın ucqar guşəsindəki yaşıl kölgəlikdə sıx yarpaqlı, nazik gövdəli gözəl bir ağac var. Ağacın budaqlarından gecə də, gündüz də par-par parıldayan qızıl almalar asılıb. Deyilənə görə, dünyada bu almaların tayı-bərabəri yoxdur.
Bunları söyləyib Evrisfey amiranə səslə dedi:
-Herakl! Mən istəyirəm ki, sən bu almalardan üçünü dərib gətirəsən. Sən cəsur və qüvvətlisən. Amma tapşırığımı asan bir iş güman etmə. Bu bağın və almaların sahibi Atlantın kim olduğunu bilirsənmi? Qulaq as, onun kim olduğunu sənə nağıl edim. Dünyanın qurtaracağında, qaranlıq və qorxunc bir uçurumun üzərində ayaqlarını geniş açaraq ikiqat əyilmiş dağ kimi böyük bir nəhəng dayanıb. O, qüdrətli əllərini göyə dayayaraq başımızın üzərindəki göy qübbəsini saxlayır. Bu qəhrəman öz ağır yükünü bircə dəqiqəliyə belə buraxsa, göy qübbəsi uçub yerə tökülər, buludlar ondan qopar, günəş, ay və parlaq ulduzlar ətrafa səfələnər. Bütün dünya tar-mar olar. Göy qübbəsini saxlayan nəhəng həmin o Atlantdır. O, qızıl alma ağacını və onun meyvələrini canından artıq istəyir. Bunları mənə dünyagörmüş, müdrik adamlar danışıb. Deyilənlərin doğru olub-olmadığını bilmirəm. Bildiyim bircə şey var: həmin almaları tapıb mənə gətirməlisən! Nökərim Herakl, əmrimi eşitdinmi?!
Herakl dinməz-söyləməz saraydan çıxdı. O, başqa nökərlər kimi padşaha təzim etmirdi. Onun nökərçiliyi qoçaqlıq görsətməkdən ibarət idi. Evrisfey də bilirdi ki, Heraklı ona baş əyməyə məcbur etmək ağılsızlıqdır. Heraklı ilahlar ona nökər göndərib və onun bir vəzifəsi var: Evrisfeyin çətin tapşırıqlarını yerinə yetirmək.
Böyük qəhrəman həmişəki kimi yenə də Nemey şirinin dərisini çiyninə saldı, şirin qurumuş dırnaqlarını bir-birinə ilişdirərək pəncələrini sinəsi üstündə bağladı və iri toppuzunu götürüb Evrisfeyin dediyi qəribə bağı axtarmağa yollandı.
O, çox axtardı, soyuq şimal ölkələrini, günəşin şiddətli istisindən nəfəs kəsilən cənubu gəzdi, qərbi dolaşdı, şərqə getdi, ancaq bu axtarışlar bir fayda vermədi. Hesperid bacılarının harada olduğundan soraq verən yox idi.
Nəhayət, günlərin birində Herakl şimalda axan Eridan çayının sahilinə gəlib çatdı. Ətrafı dolaşarkən qəfildən çeşmə şırıltısına bənzər zərif bir səs eşitdi. Bu, həmin çayda yaşayan gözəl su pərilərinin səsi idi; onlar qoçaq döyüşçünün ağır addımlarının səsini eşidən kimi suyun üzünə çıxmışdılar. Su pəiləri Heraklın halına acıdıqlarından ona insanların dostu titan Prometeylə söhbət etməyi məsləhət gördülər. Herakl elə də etdi. Prometey odu ilahlardan oğurlayıb insanlara verdiyi üçün neçə yüz illər idi ki, Zevsin əmri ilə Qafqaz dağlarında qayaya zəncirlənmişdi. O, Heraklı görən kimi tanıdı, ona dedi ki, Atlantın bağları dünyanın qurtaracağında, okeanın sahilindədir. Oraya getmək üçün vəhşi şirlərin dolaşdığı, boz ilanların mələşdiyi çöllərdən, cəngəlliklərdən keçmək lazımdır. Lakin həmin ölkədə şirlərdən və ilanlardan daha qorxulu bir məxluq var ki, o da bu yerin hakimi, Torpağın oğlu nəhəng Anteydir. İlahlar öz torpaqlarını qorumağı ona əmr etmişlər. Antey öz borcunu sədaqətlə yerinə yetirir. Onun qoruduğu torpaqlara qədəm qoyan hər kəs bu azmanla vuruşmağa məcburdur. Onu döyüşdə yormaq mümkün deyil. O, yorulduğunu hiss edəndə əli və ayağı ilə anası Torpağa toxunur və dərhal qollarına yeni qüvvət gəlir. Antey öz rəqiblərini sağ qoymur, onları öldürüb, sümükləri ilə atası Poseydonun məbədini bəzəyir.
Bu qorxulu xəbərlərdən Herakl sarsılmadı, ancaq başa düşdü ki, bu dəfə onu çox təhlükəli sərgüzəştlər gözləyir. O, Liviya səhrasının çox qızmar torpaqlarına cəsarətlə qədəm qoydu. Çox keçmədən qum təpələri arasından Anteyin nəhəng vücudu göründü. Qəzəblənmiş nəhəng bərkdən çığıraraq Herakla onun torpaqlarının sərhəddində dayanmağı əmr etdi və çağırılmamış qonağın üzərinə hücuma keçdi.
Qızğın döyüş başlandı. Rəqiblər qızmar səhra qumunun üstündə hərlənərək bir-birini yerə sərməyə çalışırdılar. Pəhləvanların ayaqları altından havaya sovrulan qum tezliklə günəşin üzünü tamam örtdü. Doğma torpağın üstündə dayanan Anteyin gücü azalmaq əvəzinə daha da artırdı. Ondan fərqli olaraq, Herakl artıq yorulmaq üzrə idi. Bir tərəfdən qumun istisi, digər tərəfdən güclü rəqib onu təngnəfəs etmişdi. Herakl başa düşdü ki, bir fənd işlətməsə, yorulmaz Anteyə qalib gələ bilməyəcək. O, Prometeyin dediklərini xatırladı və son qüvvəsini toplayaraq qəfildən Anteyi havaya qaldırdı, onun ayaqlarını anası Torpaqdan ayırdı. Ayaqları yerdən üzülən kimi bu yenilməz nəhəng zəifləyib qüvvədən düşməyə başladı. O, anası Torpaqdan qüvvə almaq üçün əllərini və ayaqlarını yerə toxundurmağa səy edir, Herakl isə gərginlikdən tikrəyə-titrəyə onu havada saxlayıb yerə toxunmasına imkan vermirdi. Çox keçmədən Antey zəifləyib kiçik uşaqdan da gücsüz bir hala düşdü.
Heraklın Anteyə pislik etmək niyyəti yox idi. Lakin o, məqsədinə çatmaq üçün Anteyin torpaqlarından keçib getməli idi. Bilirdi ki, bu nəhəngi buraxsa, o, yenidən Torpaqdan güc alıb onunla vuruşmağa başlayacaq. Odur ki, üzünü havada əl-qol atan taqətsiz Anteyə tutub dedi:
-Antey, qoy yolumu gedim, səhradan keçməyimə mane olma.
Antey:
-Yox, -dedi. –Mən ilahların iradəsini poza bilmərəm.
Herakl başa düşdü ki, Antey ölümə razı olar, ancaq onun bu torpağa ayaq basmasına yox. Odur ki, çarəsiz qalmış qəhrəman bir əlilə zəifləmiş nəhəngi havada saxlayıb o biri əlilə onun boğazından yapışdı. Özü də istəmədən rəqibini boğub öldürdü. Ayağı anası Torpaqdan üzülmüş igid Antey belə həlak oldu. O zamandan bəri ağıllı adamlar Anteyin ölümünü xatırlayıb tez-tez belə deyirlər: “Doğulduğu ana Torpaqdan ayrı düşən hər kəs Antey kimi həlak olar. Vətənini unudan, onu böyüdüb tərbiyə etmiş xalqla əlaqəsini kəsən adam ömrünü Antey kimi başa vurar...”
Herakl Anteyi məğlub edəndən sonra yoluna davam etdi və bir qədər getdikdən sonra Hesperidlər bağına çatdı.
İnsanın nəfəsini kəsən isti səhradan sonra bağdakı ağacların xoş iyi Heraklı az qala bihuş edirdi. O, bağı bir qədər gəzib dolaşdı, heç kimi görməyib təəccübləndi və hovuzun yanında oturub nə edəcəyi barədə düşünməyə başladı. Herakl oğru kimi gedib almaları icazəsiz dərmək istəmirdi. O, əvvəlcə bağ sahibinin icazəsini almaq istəyirdi. Əgər razılıq olmasa, onda yenə qüvvətli qollarını işə salmağa məcbur idi.
Axşam düşəndə Hesperid bacıları gəlib çıxdılar. Onlar alicənab qəhrəmanı səmimiyyətlə qarşıladılar. Heraklın niyyətindən xəbər tutan bacılar dedilər ki, onlar özləri də cürət edib qızıl almalardan dərə bilməzlər. Bu almaları ancaq bağın sahibi qüdrətli Atlant dərə bilərdi. Gecə ilahəsinin qızları şübhə etmirdilər ki, mərhəmətli Atlant özü də almalardan məmnuniyyətlə Herakla bağışlayar. Lakin o, çiynində saxladığı göy qübbəsini bir an da olsun, buraxa bilməz, yoxsa dünya alt-üst olar.
Herakl yubanmadan Atlantla görüşmək qərarına gəldi. Atlant çiyinlərində saxladığı göy qübbəsinin dəhşətli ağırlığı altında ikiqat əyilmişdi. Bu nəhəngə həyəcanla baxan Herakl başa düşdü ki, Atlantın alma dərə bilməsi üçün onu əvəz etməkdən başqa çarə yoxdur. O, öz fikrini Atlanta bildirdi, almaları dərib gətirənə qədər onu əvəz edəcəyini dedi.
Qüdrətli Atlant bu təklifə sevinclə razı oldu. O öz yerini Herakla verdi. Bir an içərisində bu yükün ağırlığı Heraklın çiyinlərinə düşdü. Onun sümükləri şıqqıldadı, ayaqları dizədək torpağa batdı, alnındakı damarları qanla dolub partlamaq həddinə çatdı. Herakl ağır-ağır nəfəs almağa, bu ağır yükün altında inləməyə başladı. Lakin çiyinlərində saxladığı yük nə qədər ağır olsa da, Zevsin qüdrətli oğlu buna davam gətirə bildi. O, dişlərini bir-birinə sıxaraq göy qübbəsini çiyinlərində saxladı, tər tökə-tökə üç saat dayandı.
Yükün ağırlığından azad olmuş Atlant min illərdən bəri keyləşmiş çiyinlərini tərpədib axşamın sərin havasında sinə dolusu nəfəs aldı. O tələsmədən bağına gedib üç alma dərdi və Heraklın yanına qayıtdı. Rahatlığın ləzzətini duyan Atlant bir də göy qübbəsinin ağırlığı altına girmək fikrində deyildi, istəyirdi ki, bu işi onun əvəzinə Herakl görsün. Odur ki, Zevsin oğluna kələk gəlmək istədi:
-Ey Zevsin oğlu! Gəl, belə bir iş görək: sən hələ bir müddət də göyü çiyinlərində saxla, mən isə sənin əvəzinə Yunanıstana gedib almaları Evrisfeyə çatdırım. Sən daha özünü yorma. Onsuz da diyarbadiyar gəzməkdən əldən düşmüsən. Sonra qayıdıb səni əvəz edərəm.
Herakl bu yöndəmsiz kələyi dərhal başa düşdü. Yükün ağırlığından nəfəsi kəsilə-kəsilə dilləndi:
-Razıyam, qüdrətli Atlant. Qoy, sən deyən olsun. Ancaq indi çiynim bərk ağrıyır. Görünür, bu ağır yükə alışmamışam. Sən gəl hələlik göyü saxla, mən isə yumşaq yastıq qayırıb çiynimə qoyum ki, yük çiynimi kəsməsin. Ondan sonra haraya istəyirsənsə get.
Sadəlövh Atlant adamların hiylələrinə alışmamışdı. Buna görə də Herakla dərhal inandı və tezliklə bu ağır yükdən azad olacağına sevinərək dinməz-söyləməz yenə də göyü çiyninə aldı.
Lakin bu dəfə Herakl verdiyi vədə əməl eləmədi. Ox-kamanını və toppuzunu yerdən götürüb, almaları ov kisəsinə qoyduqdan sonra Atlanta dedi:
-Ey alicənab Atlant, məni bağışla! Səni aldatdım. Ancaq özün də bilirsən ki, mən sənin gördüyün bu böyük işi yerinə yetirməyə qadir deyiləm. Mənə acığın tutmasın. Salamat qal!
Bundan kədərlənən Atlant ah çəkib dedi:
-Haqlısan, Herakl! Sənə acığım tutmur. Mən səni aldatmaq fikrinə düşməklə yaxşı iş görməmişdim. Sağlıqla get, yolun uğurlu olsun.
Beləcə iki qəhrəman bir-birindən ayrıldı. Herakl Yunanıstana yola düşdü, Atlant isə uzaqlarda, böyük okeanın sahilində göy qübbəsini çiyinlərində saxlamağa davam etdi. Bu gün həmin okeanı adamlar Atlantik okeanı adlandırırlar.
(Ardı var...)