Məmməd Hacızadə. Azərbaycan
O günəşdir işıq saçır,
Saçacaqdır zaman-zaman.
O başımın fərəh tacı,
Elim, obam – Azərbaycan!
Bu cahanda o bir aləm,
O bir polad, o möhtəşəm,
Təbiəti dərdə məlhəm,
Suyum, havam – Azərbaycan!
Naxçıvandı, Lənkərandı,
Qubadlıdı, Zəngilandı,
Hər bir yanı Gülüstandı
Şəkim, Qubam – Azərbaycan!
Aşıqları sözlü, sazlı,
Nəğmələri xoş avazlı.
Toy, bayramdı bahar-yazı,
İsti sobam – Azərbaycan!
Şəmkir, Qazax, Tovuz, Gəncə,
Həsrətimdir ulu Göyçə,
Yolu mətin, yolu incə,
Yurdum, yuvam – Azərbaycan!
Dağlarında duman çəndi,
Saçlarıma düşən dəndi.
Viran qalmış yurd Vətəndi
Şuşa qalam – Azərbaycan!
Oğulları igid aslan
Əməlləri şanlı dastan.
Səndən ötrü keçib candan
Ulu babam – Azərbaycan!
O tarixdi daş qalalı,
Bərəkətli gen tarlalı,
Şirin, şəkər, bal laylalı,
Mənim anam – Azərbaycan!
05.04.2018