Heraklın uşaqlığı
Ateyə cəza verməklə iş qurtarmırdı. Baş ilah nəyin bahasına olursa olsun, oğlunu qüdrətli etmək istəyirdi. Odur ki, Zevs üzünü ilahlara tutub dedi:
- Mən andımı pozmayacağam. Evrisfey Arqos hökmdarı olacaq. Lakin mən elə edəcəyəm ki, Herakl yer üzündəki hökmdarların hamısından qüdrətli və güclü olsun. O böyüyüb yaşa dolanda on iki dəfə qeyri-adi qoçaqlıq göstərəcək və bunun əvəzində siz ilahlar onu ölməz edəcəksiniz. Mən belə qət etmişəm. Qərarımı dəyişmək istəyənin vay halına!
Bu sözləri deyib Zevs acıqlı-acıqlı Heraya baxdı. Hera isə bu zaman öz-özünə düşünürdü: “Hələ baxarıq, görək Herakl böyüyüb yaşa dolacaqmı. Mən ölməmişəm ki, hansısa bəndə qızının doğduğu uşaq ilahlar kimi əbədi olsun”.
Zevs Heranın tutqun sifətini görüb fikrə getdi. Başa düşdü ki, kinli arvadı Herakla qarşı pis əməllərindən qalmayacaq. Odur ki, sevimli qızı Afinanı yanına çağıraraq ona tapşırdı ki, gecə-gündüz Herakla göz olsun, ona xətər yetirmək istəyənlərin qarşısını alsın.
İlahlar götür-qoy etməkdə olsun, qayğısız körpə Herakl qardaşı İfikllə yanaşı öz beşiyində mışıl-mışıl yatırdı. Onlar bir gündə, bir saatda doğulsalar da, qətiyyən bir-birinə bənzəmirdilər. Herakl qüvvətli, sağlam bir uşaq idi. Hələ anadan olduğu gün beşiyini döşəməyə bərkitmişdilər ki, yerə aşmasın. İfikl isə yatağan və sakit idi, beşikdə səssiz-səmirsiz uzanıb qalmışdı.
Gecə oldu. Müdriklik və zəka ilahəsi Afina öz sevimli bayquşunu Amfitrionun evinə göndərdi. Quşların ən ağıllısı olan Bayquş Heraklın beşiyi üzərində səssiz qanad çalır, sanki onu yelpikləyirdi. Onun qanadı Heraklın başı üzərindən keçdikcə körpənin ağlı durmadan artırdı.
İlahə Hera uşağı tələf etmək fikrindən daşınmamışdı. O qətiyyən istəmirdi ki, nifrət bəslədiyi Alkmenanın oğlu himayəyə götürdüyü Evrisfeydən güclü və qüdrətli olsun. Odur ki, hava qaralan kimi Hera zəhərli gölə gedib iki ən güclü və ən qorxunc ilanı seçdi, onları tutub səssiz-səmirsiz Amfitrionun evinə gətirdi. Səhv düşməsin deyə, Hera uşaqların hər ikisini öldürməyi qərara almışdı. İlanın biri Heraklı, o biri isə İfikli sancmalı idi.
Tərs kimi Afinanın bayquşu elə bir təhlükə görmədiyindən uçub getmişdi. Alkmena da həmin gün yorulduğu üçün yatmışdı. Amfitrionun tapşırığı ilə uşaqların keşiyini on iki qulluqçu çəkirdi. Amma onlardan heç birinin ağlına gəlməzdi ki, kimsə körpələrə qəsd edə bilər. Odur ki, gecədən xeyli keçmiş qulluqçular bir-birinin ardınca mürgüləməyə başladılar və bir azdan bərk yuxuya getdilər. Bəlkə də, bütün bunları düzüb-qoşan elə Hera idi. Ancaq o, bir şeyi bilmirdi ki, Herakl artıq adi körpə deyil.
Heranın gətirdiyi ilanlar sürünə-sürünə həyətdən keçərək pilləkənlərə dırmaşdılar. Onlar artıq körpələrin yatdığı otaqda idilər və yavaş-yavaş beşiyə doğru sürünürdülər. Elə bu zaman Herakl yuxudan oyandı. Başqa körpələr kimi beşiyində uzanıb barmağını soran Herakl əslində yaşına görə çox ağıllı idi – Afinanın bayquşu öz işini görmüşdü.
Herakl qaranlıqda diqqətlə ətrafa qulaq asırdı. Bayaqdan bəri kandar tərəfdən nəsə xışıltı eşidirdi. Sonra səs daha da gücləndi, fit və fışıltı səslərinə çevrildi. Bu səslər döşəmənin üstü ilə getdikcə ona tərəf yaxınlaşırdı. Hər şeylə maraqlanan uşaq başını qaldırıb beşiyin kənarından boylandı. Elə bu an düz başının bərabərliyində yekə bir ilan gördü. Əvvəlcə Herakl bir qədər qorxub geri çəkildi. Bu zaman başqa bir ilanın da sürünərək balaca İfiklə yaxınlaşdığını gördü. Qorxmaz oğlan dərhal hər əlilə bir ilanın boğazından yapışıb var qüvvəsi ilə onları boğmağa başladı. İlanlar əlacsız-əlacsız fışıldayır, quyruqlarını daş döşəməyə çırpırdılar. Zəhərli ilanlar var qüvvələri ilə hər iki tərəfdən Heraklı sancmağa çalışsalar da, oğlan onları möhkəm tutub, getdikcə daha bərk sıxırdı.
Tənbəl qulluqçular hay-küyə oyandılar. İlanları görən kimi vahiməyə düşdülər, haray-qışqırıqla evdəkiləri köməyə çağırmağa başladılar. Onların fəryadı hamını oyatdı. Saray adamları əllərində məşəl axışıb gəldilər. Amfitrionun darvazasında keşik çəkən döyüşçülər də qılınc çəkərək özlərini uşaqların otağına yetirdilər. Bu səs-küyə hövlnak yuxudan ayılmış Amfitrion da əlinə gələni əyninə geyinib cəld uşaqların otağına cumdu.
Zəhərli ilanlar hər iki tərəfdən Heraklı sancmağa çalışsalar da, oğlan onları möhkəm tutub getdikcə daha bərk sıxırdı.
Toplaşanlar heyrətə gəldilər. Balaca Herakl boğub öldürdüyü ilanları əllərində möhkəm tutaraq yatmışdı. Bir qədər əvvəl bu ilanları kim görsəydi, qorxudan bağrı çatlardı. İndi isə onlar iki qalın kəndir parçası kimi hərəsi beşiyin bir yanında sallanıb qalmışdı.
Hamı bu qərara gəldi ki, Heraklın qayğısına ilahlar özləri qalırlar, çünki təzə doğulmuş uşağın belə qüvvətli olması yalnız ilahların işi ola bilərdi. Onlar elə fikirləşdilər ki, artıq bu uşaq üçün narahatçılıq keçirməyə bilərlər. Ancaq Heraklın ətrafındakılar birmirdilər ki, Olimpdəki ilahlar arasında Heraklı gözü götürməyənlər də var.
Heraklın ilahları boğmasından heyrətə gəlmiş Amfitrion ertəsi gün falçını yanına çağırtdırdı. Saraya gələn qoca falçı Herakla baxan kimi dərhal başa düşdü ki, beşikdəki adi uşaq deyil, ən qüdrətli ilah Zevsin oğludur. Ancaq o bu halda Amfitriona heç nə demədi.
Falçı uşağın gələcəyindən xeyli şeylər danışdı. O dedi ki, Herakl böyüyüb yaşa dolanda nəinki bütün insanlara və yırtıcı heyvanlara qalib gələcək, hətta dünyanın kənarında yaşayan qorxunc nəhəngləri məhv etməkdə ilahlara kömək edəcək. Ağıllı falçı Amfitriona məsləhət gördü ki, oğlanlarını mümkün qədər nəzarətdə saxlasın, onların tərbiyəsi ilə yaxından məşğul olsun.
Amfitrion Heraklı öz oğlu hesab edir və onu İfikldən də çox istəyirdi. Buna görə də oğlan bir qədər böyüyən kimi, Amfitrion ən məşhur cəngavər və alimləri dəvət edib oğlunun təlim-tərbiyəsini onlara tapşırdı. Bir oxu belə boşa çıxmayan mahir atıcılar Herakla kamanla ox atmağı, pəhləvanlar güləş qaydalarını, cəngavərlər qılınc oynatmağı və mizraq atmağı öyrətdilər. Amfitrion özü isə Heraklı cəng arabasına mindirib ona dörd atlı arabanı sürməyi öyrədirdi. Bu minvalla, çox keçmədən Herakl nəinki öz yaşıdlarından, həm də təcrübəli döyüşçülərin bir çoxundan məharətli və qüvvətli oldu.
Güclü və cüssəli Herakl yaşıdları ilə oynayarkən öz qüvvəsini düzgün hesablaya bilmirdi. Beşdaş oynayanda xırda daş əvəzinə irilərini götürür və o qədər yüksəyə atırdı ki, uşaqlar başlarını tutub ətrafa qaçışırdılar. Topla oynayanda isə onun zərbəsindən top dəyən uşaq kəlləmayallaq olub yıxılırdı.
Heraklın öz qüvvəsini nəzərə almamağı ata-anasını da, qulluqçuları da narahat edirdi. Hamı deyirdi ki, bunun bir çıxacağı var, əvvəl-axır bu uşaq bir bəla törədəcək. Elə belə də oldu.
Heraklın Lin adlı bir müəllimi vardı. Lin Herakla müxtəlif elmlərdən dərs deyir, həm də kifara çalmağı öyrədirdi. Herakl elmlərə həvəslə yiyələnirdi, amma yeddi simli böyük kifarada ifa etməyi heç cür öyrənə bilmirdi. Barmaqlarını simlərə toxunduran kimi hamısı qırıq-qırıq olurdu. Heraklın yöndəmsizliyi tələbkar Lini haldan çıxarırdı. Bir dəfə bunun üstündə o, Heraklı bərk döydü. Müəlliminin hərəkətindən acıqlanan Herakl var qüvvəsi ilə kifaranı kənara tulladı. Tərs kimi alətin bir ucu təsadüfən Linə toxunub onu yerə sərdi. Həmişə olduğu kimi, indi də Herakl qeyri-adi qüvvəyə malik olduğunu unutmuşdu. Çəlimsiz müəllim aldığı zərbədən yerindəcə öldü.
Bu hadisədən sonra Amfitrion daha da ehtiyatlandı. Qeyri-adi qüvvəyə malik olan Heraklın əlindən başqa bir xəta çıxa bilərdi. O özü də bilmədən qardaşı İfikli, ya da digər uşaqları şikəst edə bilərdi. Amfitrion qoca falçı ilə məsləhətləşdikdən sonra Heraklı şəhərdən kənara göndərdi. Uşaq atasının Kiferon çəmənliklərindəki sürülərini otarmağa başladı.
(Ardı var...)
22.11.2018