Görkəmli şəxsiyyətlər

Qədim Romanın əfsanəvi qəhrəmanı - Spartak

Qədim Romada kübar təbəqənin və şəhər əhalisinin sevimli əyləncələrindən biri də qulların – qladiatorların döyüşünə baxmaq olub. Qladiatorlar böyük  arenalarda və açıq teatrlarda vəhşi heyvanlarla və ya öz aralarında ölüm-dirim döyüşünə çıxırdılar. 
Eramızdan əvvəl 74-cü ildə Spartak adlı qladiator və onun 70-dək dostu üsyan edir. Çox tezliklə bu üsyana Romanın ətraf plantasiyalarından da qullar qoşulur, onların sıraları  genişlənir. Spartakın ordusu əvvəlcə hökumət qoşunları ilə xırda toqquşmalarda, sonralar isə böyük döyüşlərdə qələbələr qazanır.
Romada qullar tez-tez üsyan etdiyindən hakimiyyət təhlükəni dərhal dərk edə bilmir. Spartakın üsyanı isə əsl böyük müharibə idi. Yalnız bir neçə ciddi məğlubiyyətdən sonra üsyançıların üzərinə yaxşı təlim görmüş legionlar göndərilir.
Müvəffəqiyyət isə Spartakın tərəfində idi: onun ordusu İtaliyada ardıcıl irəliləyirdi. Lakin qüvvələr bərabər deyildi, orduda getdikcə nizam-intizam zəifləyir, dəstə başçıları arasında fikir ayrılığı yaranırdı. Spartakın düşərgəsində döyüşçülərlə bərabər, qadınlar, uşaqlar, qocalar var idi. Təbii ki, onları atıb getmək olmazdı. Lakin belə uzanan karvan hərbi əməliyyat planını tez-tez pozurdu.
Spartakın üzərinə nəinki ölkə daxilindən, hətta imperiyanın xaricindən də legionlar göndərilirdi. Eramızdan əvvəl 72-ci ildə Siciliya adasına çıxmaq istəyən Spartak adamlarını gəmi ilə aparmaq  üçün dəniz quldurları ilə danışıqlar aparır. Lakin dəniz quldurları onu aldadır. Gəmilər razılaşdırılan yerə gətirilmir. Spartakın ordusu düşmənin cərgəsini dağıtsa da,  həlledici döyüşdə məğlub olur. Üsyan yatırılır, minlərlə qul və qladiator amansızcasına qətlə yetirilir.
Spartak tarixdə qüdrətli və bacarıqlı düşmənə qalib gələn sərkərdə kimi qalıb. Hələ sağlığında əfsanəyə çevrilən Spartak haqqında bu gün də danışılır, kitablar yazılır, filmlər çəkilir.