Görkəmli şəxsiyyətlər

Maykl Cekson - əfsanəvi adam

Müğənni, bəstəkar, prodüser, estrada ifaçısı, rəqqas, rejissor Maykl Cekson bu gün dünya musiqi sənayesinin ən uğurlu ifaçısı olaraq qalır. Onun plastinləri, diskləri və albomları indiyə qədər dünya üzrə milyonlarla tirajla satılır.
 
Maykl Cekson ABŞ-ın İndiana ştatının Heri şəhərində Cozef və Ketrinin ailəsində anadan olub. 9 uşaqlı ailənin 7-ci uşağı olan Cekson kiçik yaşlarından əla musiqi qabiliyyəti və qeyri-adi səsi ilə fərqlənirdi. Çox keçmədən o, 4 böyük qardaşının da daxil olduğu “Jackson Five” ailə ansamblının ən gənc vokalçısı olur.
 
Mayklın atası tərəfindən əsası qoyulan musiqi qrupu qısa müddətdə populyarlıq qazanır, onun gənc ifaçısı isə tamaşaçıların sevimlisinə çevrilir. Balaca Maykl öz yaşıdları kimi əylənməyi, basketbol oynamağı, futbol oyununa və attraksionlar parkına getməyi arzulasa da, ailəsi bütün vaxtını qastrollarda və ya səsyazma studiyalarında keçirirdi.
 
Bir qədər böyüdükdən sonra Maykl solo karyeraya başlayır və tezliklə məşhur və populyar musiqi hitlərinin müəllifi və ifaçısı kimi dünyada şöhrət qazanır.
 
1978-ci ildə Maykl Dayana Ross ilə birgə “Oz Ölkəsindən olan Sehirbaz” nağılı əsasında “Viz” brodvey müziklinin çəkilişində rol alır. Çəkilişlərdə sonradan onun ən məşhur albomlarının prodüseri olan musiqi rejissoru Kuinsi Cons ilə tanış olur. Albomların ilki “Off the Wall” 1979-cu il avqustun 10-da işıq üzü görür.
 
“Don’t Stop ’til You Get Enough” disko-hiti və daha həzin “Rock With You” kompozisiyası çartların zirvəsində yer alır, həmçinin albomun özü 20 milyon tirajla satılır. Bir çox musiqi şərhçiləri “Off the Wall” albomunu musiqi diskosu dövrünün son zirvəsi hesab edirlər.
 
XX əsrin 80-ci illərini Maykl Ceksonun “qızıl” dövrü adlandırmaq olar. 1982-ci ilin noyabr ayında işıq üzü görən “Thriller” adlı yeni albom Amerikaya 9 sinql bəxş edib. Bunlar “The Girl Is Mine” (№ 2, Pol Makkartni ilə duet), “Billie Jean” (№ 1, “Qremmi” mükafatı, Ceksonun karyerası ərzində ən iri hit və fan-musiqinin ən seçmə treki), “Beat It” (№ 1, daha bir “Qremmi”), “Wanna Be Startin’ Somethin’” (№ 5), “Human Nature” (№ 7), “P.Y.T. (Pretty Young Thing)” (№ 10), “Thriller” (№ 4), “Baby Be Mine”, “The Lady in My Life” sinqlləridir.
 
“Thriller” albomu dünyada ən çox satılan albom kimi də tarixə düşüb.
 
Maykl tam olaraq özünün şəxsi imicini qurub: ay gəzişi, parlaq əlcək, məşhur qara şlyapa. Maykl Ceksonun bütün bu ən tanınan görkəm cizgiləri populyar musiqi aləminə daxil olub.
 
1993-cü ilə qədər Maykl Cekson Amerika şou-biznesinin tarixi ərzində ən uğurlu, ən çox pul qazanan və ən sevimli musiqiçisi hesab edilib. Onun xeyriyyə fondlarına görünməmiş ianələri bütün dünyada hörmətlə qarşılanıb.
 
Maykl Cekson bir nəfər tərəfindən əldə edilən rekordların sayına görə “Ginnesin” rekordlar kitabında birinci yeri tutur. Qızıl, platin və brilyant diskləri nəzərə almasaq onun 372 rəsmi mükafatı var, həmçinin o, dünyada ən populyar və tanınmış şəxsdir. Maykl Cekson xəstə uşaqlar və Afrikada aclıqdan əziyyət çəkənlər üçün bir neçə xeyriyyə fondu təşkil edib.
 
Kaliforniya ştatındakı özünə məxsus “Neverland” rançosunda musiqiçi uşaqlar üçün böyük attraksionlar və əyləncə parkı tikdirib. Burada həm kinoteatr, həm mini zoopark və hətta əsl parovozla işləyən dəmir yolu da var. Parka giriş sərbəstdir və ölkənin hər yerindən uşaqlar bura gələrək öz vaxtlarını şən əhval-ruhiyyə və bayram atmosferində keçirirlər. Maykl öz rançosu barədə deyirdi: “Mən uşaqlıqda görmədiyim hər bir şeyin olduğu yer qurmaq istəmişəm”.
 
Maykl Cekson 2009-cu il iyunun 25-də dərman preparatlarının artıq dozasından dünyasını dəyişib.
 
Hər il iyunun 25-i, “pop-musiqi kralının” öldüyü gün, Maykl Cekson yaradıcılığının pərəstişkarları və fanatları onun xatirəsini yad etmək üçün dünyadan hər yerindən Los-Ancelesə gələrək Hollivudun “şöhrət xiyabanına” yığışırlar.