5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır.
Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır.
İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycanda hər il beynəlxalq və yerli turnirlər keçirilir.
Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyib. Xüsusilə 2023-cü il qazanılmış nailiyyətlər, ilklər və rekordlar baxımından Azərbaycan idman tarixində mühüm yer tutdu.
Bölgələrdə də yerli və beynəlxalq turnirlər yüksək səviyyədə təşkil olunur. Bu onu göstərir ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır.
2023-cü ildən işğaldan azad olunmuş ərazilərimizdə də beynəlxalq turnirlərin təşkilinə start verildi. Ötən il Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped turniri ilin ən əlamətdar idman hadisələrindən biri oldu. Bu yarış işğaldan azad olunmuş ərazilərin qısa zaman kəsiyində əlverişli hala salındığını göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına diqqətin ayrıldığının bariz nümunəsinə çevrildi.
2024-cü ildə isə “Qürurla irəli!” şüarı altında ilk dəfə keçirilən Xankəndi–Bakı ultramarafonu Azərbaycanın azad edilən torpaqlarında təşkil olunan birinci beynəlxalq yürüş oldu. Burada müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı Xankəndidən Bakıya kimi 380 kilometr məsafə qət etdi.
Azərbaycan idmanının uğur salnaməsi 2025-ci ildə daha parlaq səhifələrlə zənginləşib. Ötən il ölkə idmançıları üçün rekordlar ili kimi tarixə düşüb. Belə ki, il ərzində idmançılarımız beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında ümumilikdə 2113 medal qazanıblar. Bu medalların 613-ü qızıl, 616-sı gümüş və 884-ü bürünc olub və indiyədək olan ən yüksək göstərici kimi tarixə düşüb. İlin ən yaddaqalan hadisələrindən biri isə Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları oldu. MDB-nin idman paytaxtı elan edilən Gəncə şəhəri mərkəz olmaqla, yarışlar ölkənin 7 fərqli şəhərində yüksək səviyyədə təşkil edildi. Bu oyunlar təkcə idman yarışı deyil, həm də azad edilmiş ərazilərimizin, o cümlədən Xankəndinin idman potensialının dünyaya nümayişi baxımından strateji əhəmiyyət kəsb etdi.
Bakı: 2026-cı ilin "Dünyanın İdman Paytaxtı"
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) qərarı ilə Bakı şəhəri 2026-cı il üçün "Dünyanın İdman Paytaxtı" elan edilib. Bu fəxri adın rəsmi təqdimetmə mərasimi 2025-ci ilin dekabrında keçirilmiş və estafet rəsmi olaraq Monakodan Bakıya ötürülüb. Bakının bu titula layiq görülməsi təsadüfi deyil. ACES tərəfindən aparılan qiymətləndirmədə paytaxtımızın müasir idman infrastrukturu, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihələr və irimiqyaslı yarışların təşkilindəki zəngin təcrübəsi 100 ballıq şkala üzrə ən yüksək nəticə ilə qiymətləndirilib.
2026: Azərbaycanın ev sahibliyi edəcəyi idman yarışları
2026-cı il də ölkəmizin beynəlxalq idman mərkəzi statusunu daha da möhkəmləndirəcək. "Dünyanın İdman Paytaxtı" ili çərçivəsində ölkəmiz bir-birindən maraqlı beynəlxalq yarışlara ev sahibliyi edəcək. Bakıda gerçəkləşəcək cüdo üzrə dünya çempionatı yeddi ildən sonra yenidən dünyanın ən güclü cüdoçularını bir araya gətirəcək. "Formula 1" Azərbaycan Qran-Prisi isə artıq onuncu dəfə Bakı küçələrində sürət həvəskarlarını sevindirəcək. Bədii gimnastika üzrə Dünya Kuboku, üzgüçülük üzrə "Silk Way" Dünya Kuboku, güləş üzrə yeniyetmələrin (U-17) dünya çempionatı, qadın voleybolçular arasında Avropa çempionatı kimi yarışlar paytaxtımıza minlərlə qonaq gətirəcək. Bu turnirlər ölkəmizdə idmanın daha da sevilməsinə və gənclərin bu sahəyə marağına böyük təkan verəcək. Bir sözlə, 2026-cı il Azərbaycan üçün əsl idman bayramı ili olacaq.
Bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bununla da “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənərək demək olar ki, Azərbaycan sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.