Azyaşlı öyrənənlər üçün ingilis dilindən kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan 2026-cı il fevralın 21-də keçiriləcək. İmtahana qeydiyyat gələn il yanvarın 6-dək aparılacaq.
Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.
Ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.
19.12.2025