20 noyabr- Ağdam Şəhəri Günüdür
Noyabr ayının 20-si Ağdam şəhəri günüdür.
44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı.
Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.
Ağdam işğaldan azad edilmiş rayonların arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonun inzibati ərazisinə 1 şəhər, 14 qəsəbə, 123 kənd daxildir. Rayon mərkəzi Qarqar çayından 3 kilometr məsafədə - Qarabağ düzünün cənub-şərqində yerləşir. İşğaldan əvvəl Ağdamın 143 min nəfər əhalisi olub. Rayonun işğal edilmiş ərazisində 38 kolxoz və sovxoz, 24 tikinti təşkilatı, 12 sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 271 mədəniyyət evi, 99 klub olub. Qədim tarixə malik Qarağacı qəbiristanlığı, Xocalı soyqırımı qurbanlarının da dəfn edildiyi I və II Şəhidlər xiyabanları erməni vəhşiliyinə məruz qalıb.
2020-ci il noyabrın 26-da "Ağdamın azad olunmasına görə" medalı təsis olunub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 20 noyabr “Ağdam şəhəri günü” kimi qeyd olunur.
Artıq keçmiş məcburi köçkünlər Ağdama dönüşü başlayıb. Xıdırlı, Sarıcalı, Kəngərli kəndləri öz sakinlərini qoynuna alıb. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulan müasir şəhər illərdən bəri doğma yurda qayıtmaq arzusu ilə yaşayan sakinlərə öz qapısını açıb. Rayonda gedən tikinti-quruculuq işləri isə getdikcə yeni vüsət alır - sosial obyektlər, binalar və mənzillər tikilir, abad küçə və prospektlər salınır. Abadlığı və gözəlliyi ilə həmişə göz oxşamış Ağdamda sıralanan evlərin ağ damları onun yenə də abad, müasir yaşayış məskəninə və ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcəyini göstərir.
20.11.2025