Xəbərlər

8 sentyabr- Beynəlxalq Savadlılıq Günüdür

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.

 

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Savadlılıq Günü “Rəqəmsal dövrdə savadlılığın təşviqi” devizi altında keçirilir.

 

Rəqəmsallaşma prosesi insanın təhsilini, yaşayışını, işləməsini və ünsiyyət tərzini dəyişir. Bu dəyişikliklər müsbət də ola bilər, mənfi də - hər şey rəqəmsal texnologiyalardan necə istifadə edilməsindən asılıdır. Rəqəmsal texnologiyalar insanIarın təhsil imkanlarını genişləndirə bilər.

 

Rəqəmsal əsrdə savadlılıq rəqəmsal məzmuna daxil olmaq, anlamaq, qiymətləndirmək, yaratmaq və istifadə etmək, eləcə də onunla təhlükəsiz və uyğun şəkildə qarşılıqlı əlaqədə olmaq imkanı verir. Savadlılıq həm də tənqidi təfəkkürün inkişafı, etibarlı məlumat mənbələrinin müəyyən edilməsi və mürəkkəb informasiya mühitlərində istiqamət üçün mühüm vasitəyə çevrilir. Rəqəmsal savadlılıq informasiya təhlükəsizliyini təmin etmək baxımından da əhəmiyyətlidir.

 

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Müvafiq dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Həmçinin son illər ölkəmizdə müasir standartlara cavab verən modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinin sosial rifahı yaxşılaşdırılır. Azərbaycanda təhsilə ən yüksək səviyyədə göstərilən qayğı, bu sahədə həyata keçirilən hər bir islahat xalqın xoşbəxt gələcəyinə hesablanıb.

 

Xatırladaq ki, 2024-2025-ci tədris ilində paytaxtın 270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub. Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 9 323 sinif üzrə 256 996 şagirdi əhatə edib.

 

“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda qeyd olunub ki, rəqəmsal cəmiyyət üçün rəqəmsal savadlılıq artırılacaq, kibertəhlükəsizlik təmin ediləcək. İKT üzrə mütəxəssislərin hazırlanması, tədris proqramlarının müasirləşdirilməsi və İKT üzrə işçilərin əməkhaqqı səviyyəsinin artırılması prioritet məsələlərdir.