Xəbərlər

“Hər birimiz bir çiçək” – Beynəlxalq Uşaq Günündə multikultural dəyərlərə səyahət

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəngarəng və mənalı tədbir keçirilib.


Tədbir məktəbin ibtidai sinif müəllimi Günay Abdullayevanın rəhbərlik etdiyi 2D sinif şagirdlərinin iştirakı ilə, məktəbin akt zalında baş tutub. “Hər birimiz bir çiçək” adlı tədbir bu dəfə xüsusi bir məzmunla zənginləşdirilərək dünya xalqlarının mahnı və rəqsləri, milli geyimləri və mədəniyyətləri üzərində qurulub.


Tədbirin əsas ideyası uşaqların hava şarı ilə dünya ölkələrinə səyahəti üzərində formalaşdırılıb. Səhnəciklər zamanı şagirdlər müxtəlif ölkələrə “səyahət edərək” həmin xalqların mahnılarını səsləndirib, milli rəqslərini təqdim edib, onların geyimlərini nümayiş etdiriblər. Hər təqdimatla birlikdə uşaqlar həmin ölkənin mədəniyyəti, adət-ənənələri və ümumbəşəri dəyərləri haqqında qısa məlumatlar da veriblər.


Bu yanaşma uşaqlarda multikultural dəyərlərin, tolerantlıq və qarşılıqlı hörmətin formalaşmasına, eyni zamanda dünya xalqları ilə tanışlıq və qlobal vətəndaşlıq duyğusunun inkişafına xidmət edib.


Məktəbin direktoru Reyhan Baxşiyeva tədbirə münasibətində bildirib:
“Uşaqların müxtəlif xalqların mədəniyyətini öyrənməsi onların dünyagörüşünü genişləndirir, fərqli mədəniyyətlərə hörmət və maraq hissini artırır. Bu da müasir dünyada qarşılıqlı anlayış və multikultural birgəyaşayış üçün əsasdır.”


Valideynlərin və müəllimlərin iştirakı ilə baş tutan tədbir uşaqlar üçün həm maarifləndirici, həm də əyləncəli bir günə çevrilib. Sonda iştirakçılara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.