
Arktikada inanılmaz dərəcədə gözəl bir mənzərəyə rast gəlmək olar - buzlu güllərə. Alimlər nazik buz səthində yaranan bir neçə santimetr hündürlüyündə kristalları “buz güllər” adlandırır. Hesab olunur ki, buz güllər bir neçə yolla yaranır. Birinci halda su buxarı kondensasiya olunaraq atmosfer yağıntıları şəklində buzlaqların üzərinə çökəndə, buz kristallarına çevrilir. Eyni üsulla qırov formalaşır. İkinci halda duzlu su buzların içərisindəki kiçik boşluqlardan qalxır və buzların üzərində duz kristallarını əmələ gətirir.
Amma bu yaxınlarda Kembric universitetinin geofizik alimləri araşdırmalar apararaq belə nəticəyə gəliblər ki, nə su, nə də duzun bu prosesə dəxli yoxdur. Nəzəri hesablamalar aparıb onları laboratoriya şəraitində yoxlayaraq, alimlər belə qənaətə gəliblər ki, buzlu güllərin yaranması üçün nazik buz qatı ilə havanın hərarətində ən azı 20 dərəcə fərq olmalıdır. Buna görə də nəzəri cəhətdən buz güllər içməli su hövzələrində də formalaşa bilər.
Təəssüf ki, buz güllər qısaömürlü olur. Onlar yalnız nazik, təzə buzun səthində yetişə bilir. Axı, buzun qalınlığı artanda, onun üzərində temperatur havanın temperaturuna yaxınlaşır və buzlu güllər, sadəcə, yox olur.
23.11.2015