Bu maraqlıdır!

Cəsur yapon cəngavəri - samuray

Samuraylar  yapon hərbi-feodal zümrəsidir. “Samuray” sözü qədim yapon dilindəki “samurai” felindən əmələ gəlib, “yüksək təbəqədən olan insana xidmət etmək” mənasını verir. Yaponiyada samurayları “busi” (döyüşçü) də adlandırırlar.  Samurayların dövrü Yaponiyada eramızın  VII-VIII əsrlərində başlayıb.  Varlı kəndli ailələrinin üzvləri, habelə orta və aşağı aristokrat cəmiyyətinin nümayəndələri  çox vaxt samuray olurmuşlar. Döyüşçü samuraylar getdikcə öz feodalının silahlı xidmətçisinə  çevrilir, əvəzində ev və dolanışıq ilə təmin olurdular. Bəzən samuraylara kəndlilər  ilə  birlikdə  torpaq payı hədiyyə olunurdu. Bu yolla onlar feodala çevrilirdilər.
 
Samuray namus kodeksi busidoya (“döyüşçünün yolu”) əməl etməli idi. Bu kodeksdə samurayın davranış qaydaları göstərilirdi. İgidlik, ağasına sədaqət və fədakarlıq samurayların başlıca məziyyətləri sayılırdı. Qılınc samurayın canı idi, onu itirmək namusunu ləkələmək demək idi. Yapon döyüşçü üçün qılıncından məhrum olmaq ölümdən daha dəhşətli idi. Samuray qılıncı döymə üsulu ilə təqribən iki həftə ərzində xüsusi poladdan hazırlanırdı. Belə qılıncın tiyəsi çox iti olurdu. Qılınclar çox bahalı idi, bəziləri  bütöv bir sərvət dəyərində idi. Samuray adətən iki qılınc gəzdirirdi – uzun (katana) və qısa (vakidzasi).
 
Samuraylar təqribən yeddi əsr ərzində Yaponiyada hökmranlıq ediblər. Bu müddət ərzində hakimiyyətdə müxtəlif klanlar olub. Yalnız XIX əsrin ortalarında onların qüdrətinə  son qoyulub.  Yaponiya sürətlə inkişaf etməyə başlayıb. Paroxodlar və dəmir yolları dövründə samurayların “günəşi batıb”. 1876-ci ildə qılınc gəzdirməyi qadağan edən qanunun qəbul edilməsi samuraylara sonuncu zərbə olub. Samuraylar dövrü beləcə başa çatıb. Lakin cəsur yapon cəngavərlər haqqında mahnı və əfsanələr qalıb. Onlar haqqında kitablar yazılır, filmlər çəkilir. Hazırda bütün dünyada təkbətək döyüş sənəti növlərinə maraq artır. Onların bir çoxu samuraylar dövründən bizə gəlib çatıb. 
 
Döyüş sənəti növlərinin çoxu öz başlanğıcını samurayların üzbəüz döyüşündən  götürür.  Onların ümumi cəhəti çoxdur: ruhu və bədəni möhkəmləndirən bu döyüş növləri ciddi nizam-intizam və maksimum  diqqət  tələb edir. 
 
CÜDO: Tullama və ayaqla vurma hərəkətləri ilə müşayiət olunan təkbətək döyüş növüdür. XIX əsrdə müstəqil idman növünə çevrilib.
KENDO: “Qılınc yolu”: Şərq təkbətək döyüş sənətinin bu növü samuray qılıncını oynatma üsullarına əsaslanır. Döyüşdə bambukdan hazırlanan məşq qılıncından – sinaydan  istifadə olunur.
KÜDO: “Kaman yolu”: qədim kamandan ox atma döyüş sənəti. Ənənəvi yapon kamanının uzunluğu iki metrdir. Detalları ağacdan və bambukdan hazırlanır. 
AYKİDO: Silahsız, habelə çubuq, qılınc və ya taxta bıçaqla müdafiə olunmağı öyrədən mübarizə növüdür. 
 
Bu maraqlıdır: Samurayın dəbilqəsi (kabuto) yalnız müdafiə məqsədi daşımırdı. Dəbilqə samuray barədə təsəvvür yaradırdı:  buynuzlar (kuvaqata) nəslin adı-sanını göstərirdi. Döyüşçü bəzən üzünə maska (xoate) taxırdı. Yaponiyada atlar çox yüksək qiymətləndirilirdi. Ancaq Minamoto klanını  hakimiyyətə gətirən  Yesitsune kimi varlı sərkərdənin atı ola bilərdi.  Nikko şəhərində hər il sequn Tokuqavanın və onun sülaləsinin xatirəsinə həsr olunmuş festival keçirilir. Festivalın əsas hadisəsi paraddır. Paradda minədək adam, o cümlədən uşaqlar iştirak edir. Parad iştirakçıları tarixi kostyumlar geyinirlər.Tokioda Yeni il şənlikləri zamanı çoxları samuray kostyumları geyinir. Qədim nümunələr əsasında hazırlanan belə geyimlərin çəkisi 15 kiloqrama çatır.