Nağıllar, hekayələr

Viktor Qolyavkin. Boşboğazlar

Senya və onun parta yoldaşı müəllimin sinfə girdiyini görmədilər. Senya əlinin içində öz şəklini çəkdi və yoldaşına göstərdi:
 
- Bu mənəm, -o dedi, -Oxşayır?
 
- Heç də yox, -Yura cavab verdi, -sənin qulaqların belə deyil. 
 
- Bəs mənim qulaqlarım necədir?
 
- Uzunqulağın qulaqları kimi.
 
- Səninsə başın vedrə kimidir.
 
- Sən isə ağzında dişlərin yoxdur.
 
- Sən isə kürənsən.
 
- Sən isə siyənəksən.
 
- Sən isə pərdəquyruqsan.
 
- O nədir?
 
- Pərdəquyruq, vəssalam.
 
- Sən isə perverdersən.
 
- O nə deməkdir?
 
- Bu o deməkdir ki – perverdersən.
 
- Sən isə dırbırdırsan.
 
- Sən isə vırdırvırsan.
 
- Sən isə rrrrrrrrr...
 
- Sən isə zzzzzzz...
 
- Sən isə... ,- Yura dedi və yanında müəllimi gördü.
 
- Mən bilmək istəyərdim,-müəllim dedi,-siz axı əslində kimsiniz?