Şeirlər

Aysel Məmmədzadə. Sən mənim şeir qızım

Gözəllər gözəli qızıma
Xeyli vaxtdır yazmıram
Qızıma təzə şeir
Qızım mənə bəs şeir
Niyə yazmırsan deyir.


Deyirəm ki, sən özün
Bir şeirsən özün də
Ay qızım mən şeirə
Necə yazım şeir de.


Duruşun bir şeirdir
Yerişin bir şeirdir
Ürəklərə od salan
Gülüşün bir şeirdir.


Ömrümdəsən həmişə
Dilimdəsən həmişə
Ay mənim şeir qızım
Şeirsən sən həmişə.


Gündüzüm, gün üzümsən
Dənizim, göy gözümsən
Sən göylərdən gələn
İlhamımsan, özümsən.


Sənsiz şeir neylərəm
Heç şeir söyləmərəm
Ay mənim şeir qızım
Sən olmasan neylərəm.


Neylərəm günəş-ayı
Neylərəm atəş, yayı
Kimə çalaram gülüm
Mən o şirin laylanı.


Kimi oxşayar gözüm
Kimə söykənər üzüm
Ay qızım sən olmasan
Nəyə lazımam özüm.


Səninçün yaşayıram
Mən ki, bu yer üzündə
Axtarsalar tay olmaz
Sənə göy-yer üzündə.


Sənindir nəğmələrim
Sənindir şeirlərim
Mən özüm də səninəm 
Bundan başqa nə deyim.


Ay mənim şeir qızım
Ay mənim şeir qızım
Sənsiz batsın doğmasın 
Bir daha dan ulduzum.


Aç qolların gəlirəm
Alım səni qoynuma
Sən mənim şeir qızım
Yazılmısan alnıma.