Nağıllar, hekayələr

Ukrayna xalq nağılı. Xoruz və iki siçan

Biri var idi, biri yox idi, Krut və Vert adlı iki kiçik siçan və uca səsli - Xoruz var idi. Gün ərzində siçanlar yalnız mahnı oxuyur, rəqs edir, və oyun oynayırdılar. Xoruz isə günəşin şəfəqləri görsənən kimi, əvvəlcə hər kəsi mahnısı ilə oyadır, sonra, dərhal iş başına keçirdi.

 

Bir dəfə xoruz həyəti süpürəndə yerdə sünbül gördü.

 

- Krut, Vert, - xoruz kiçik dostlarını səslədi, - Görün nə tapdım!

 

Siçanlar qaçaraq gəlib dedilər:

 

- Buğdanı sünbüldən təmizləmək lazımdır.

 

- Kim təmizləyəcək? - xoruz soruşdu.

 

- Mən yox! – siçanlardan biri dedi.

 

- Mən yox! – digər siçan da qışqırdı.

- Yaxşı, - xoruz dedi, - Mən təmizləyərəm!

 

Beləcə, xoruz işə başladı. Siçanlar isə oynamağa davam etdilər.

 

Xoruz sünbüldən bütün buğdaları çıxardı və dostlarına yenə səsləndi:

 

- Hey, Krut, hey, Vert, görün nə qədər buğda var!

 

Siçanlar qaçaraq gəlib bir səslə ucadan dedilər:

 

- İndi buğdanı dəyirmana aparıb un üyütmək lazımdır!

 

- Kim aparacaq? - xoruz soruşdu.

 

-Mən yox! - Krut dedi.

 

- Mən də yox! - Vert də qışqıraraq dedi.

 

- Yaxşı, - xoruz dedi, - Buğdanı dəyirmana mən aparacam!

 

Xoruz çiyinlərinə çuval qoyub dəyirmana üz tutdu. Kiçik siçanlar isə hoppanmağa başladılar, bir-birinin üstündən tullanıb, əylənirdilər.

 

Xoruz dəyirmandan qayıdıb yenə siçanları çağırdı:

 

- Krut, Vert, bura gəlin! Baxın! Un gətirdim!

 

Siçanlar qaçaraq gəlib, una baxıb dedilər:

 

- Hə, xoruz! Əladır! İndi xəmir yoğurmalı və şirinçörək bişirmək lazımdır!

 

- Bəs kim yoğuracaq? - xoruz soruşdu. Siçanlar isə yenə özlərini işə verməmək üçün dedilər:

 

- Mən yox! - Krut dedi.

 

- Mən də yox! - Vert dedi.

 

Xoruz düşündü, düşündü və dedi:

 

- Görünür, yenə mən etməliyəm.

 

O, xəmir yoğurdu, odun gətirdi və sobanı yandırdı. Soba isindikdən sonra içərisinə tort qoydu. Siçanlar isə vaxt itirmirdilər: ya mahnı oxuyur, ya da rəqs edirdilər.

 

Tort hazır olandan sonra, xoruz tortu çıxarıb masanın üstünə qoydu, siçanlar isə artıq masa arxasında idilər. Onları çağırmağa ehtiyac belə yox idi.

 

- Oh, necə də acam! – Krut dedi.

 

- Oh, necə də  yemək istəyirəm! - Vert dedi.

 

Xoruz isə onlara cavab olaraq dedi:

 

- Gözləyin, gözləyin! Əvvəlcə sünbülü kimin tapdığını söyləyin!

 

- Sən tapdın! - siçanlar yüksək səslə qışqırdılar.

 

- Sünbüldən dəni kim təmizlədi? –xoruz yenə soruşdu.

 

- Sən təmizlədin! - hər ikisi daha sakit səslə dedilər.

 

- Kim taxılı dəyirmana apardı?

 

- Yenə sən! - Krut və Vert olduqca sakit cavab verdilər.

 

- Bəs kim xəmir yoğurdu? Odun daşıdı? Sobanı qızdırdı? Tortu kim bişirdi?

 

- Hamısını sən! Hamısını sən! - siçanlar demək olar ki, eşidilməyən səslə dedilər.

 

- Bəs siz nə etdiniz?

 

Cavab olaraq nə desinlər? Deməyə bir şeyləri yoxdur. Krut və Vert masadan uzaqlaşdılar, xoruz isə onları heç saxlamadı belə.

 

Bu cür boşboğazları və tənbəlləri bax beləcə cəzalandımaq lazımdır!