Şeirlər

Samuil Marşak. Qəfəsə salınmış balalar

Tərcüməçi: İsa İsmayılzadə

 

PƏLƏNG BALASI

 

Ey, gəlməyin yaxına –

Mən pişik deyiləm, ha!..

 

FİL

 

Başmaq verdilər ona –

Geyinsin ayağına.

Dedi: - Balacadı bunlar,

Həm də,

Dörd ayağım var!

 

ZÜRAFƏ

 

Əyilib asanca dərir

Uşaqlar çiçəkləri.

Bəs zürafə neyləsin,

Gülü necə iyləsin?

 

DƏVƏ BALASI

 

Köşək, ac qalıbsan yenə,

Yazıq sənin gününə.

İki vedrə yem veriblər,

Onu sənə çox görüblər.

 

DƏVƏQUŞU BALASI

 

Dəvəquşu balasıyam,

Belə - məğrur qalasıyam.

Qəzəblənsəm,

Düşmənimi ayaqlayıb

Hayıfımı alasıyam.

Qorxsam - qaça bilirəm,

Boynumu əyib qabağa.

Nə səsim var oxumağa,

Nə də uça bilirəm.

 

ZEBRLƏR

 

Afrikalı atlara bax,

Üstü-başı zolaq-zolaq.

Gizlənqaç oynasmlar –

Çəmənlikdə otlara bax!

Şagird dəftəri sayaq,

Cızıq-cızıq zebrə bax!

Ayağından başınacan

Yazıq-yazıq Zebrə bax!

 

AĞ AYILAR

 

Hovuzda hey gəzirəm,

Qardaşımla üzürəm.

Su sərindi.

Deyirlər

Tez-tez təzələyirlər.

Üzək, suyu yara-yara

Bu divardan о divara!

Qardaş, yatıbsan? – Oyan,

Pəncəmi əzdin, dayan!..

 

BAYQUŞLAR

 

Bapbalaca bayquşlar

Düzülüb qatar-qatar.

Oyaq olanda,

Ayıq olanda

Yem yeyir onlar.

Yumru gözünü

Hey döyür onlar.

 

QU QUŞU BALASI

 

Yazıq titrəyir necə:

Üstü-başı sudur, su!

Göldən çıxıb indicə,

Dəsmal verin, qurunsun.

 

ESKIMOS İTİ

 

Nə yazıblar,

Qulaq as:

"Yaxına gəlmək olmaz!"

Sən bu sözə inanma,

Lap yaxın gəl yanıma!

Xəbərim yox heç nədən –

Niyə qəfəsdəyəm mən?