Boris Jitkov. Dağlarda
Üç qardaş dağlardakı yol ilə, aşağıya doğru irəliləyirdilər.
Axşam olmuşdu. Onlar aşağıda evlərinin pəncərəsindən gələn işığı uzaqdan gördülər. Birdən buludlar toplandı, dərhal qaranlıq düşdü, göy gurultusu eşidildi və yağış yağmağa başladı. Yağış o qədər güclü idi ki, su, çayda olduğu kimi, yoldan aşağı axırdı. Böyük qardaş dedi:
- Dayanın, burada bir qaya var, bizi yağışdan bir az da olsa örtəcək.
Üçü də qayanın altında oturub gözlədilər.
Ən kiçikləri Əhməd oturmaqdan yoruldu və dedi:
- Mən gedirəm. Niyə qorxursuz ki? Evdən çox da uzaqda deyilik. Sizinlə burada islanmaq istəmirəm. Evə çatıb şam yeməyimi yeyib, quru yatağımda yatacam. Mən qorxaq deyiləm, - o, dedi və qayanın altından çıxdı.
Əhməd suya əhəmiyyət vermədən yol boyu cəsarətlə addımlayırdı.
Su artıq daşları hərəkət etdirib özü ilə aşağı yuvarlayırdı. Daşlar aşaraq Əhmədin ayaqlarının altında qalırdı. Əhməd sürətini artıraraq qaçmağa başladı.
O, evlərindəki işığı görmək istəyirdi, amma yağış o qədər yağırdı ki, qabaqda heç nə görünmürdü.
"Bəlkə geri dönüm?" - deyə Əhməd düşündü. Ancaq utanırdı: bundan öncə çöx öyünürdü - indi isə qardaşları ona güləcək.
Sonra ildırım çaxdı və elə bir göy gurultusu eşidildi ki, sanki bütün dağlar çatlayıb yıxıldı. İldırım işıq saçanda Əhməd harada olduğunu bilmirdi.
"Ah, deyəsən, azmışam" deyə o, öz-özünə düşündü və qorxdu.
Ayaqlarına daş dəydiyinə görə daha yavaş addımlayırdı.
Əhməd yıxılmaqdan qorxurdu. Birdən yenidən ildırım çaxdı və Əhməd gördü ki, düz qarşısında qara uçurum əmələ gəldi. Əhməd qorxudan yerə oturdu.
"Əgər, - deyə Əhməd düşündü, - daha bir addım atsaydım yıxılaraq yerə çırpılardım."
İndi də geri dönməkdən qorxur: birdən yenidən uçurum yaranar.
O, yaş yerdə oturmuşdu və üstünə soyuq yağış yağırdı.
Əhməd sadəcə bir şey düşünürdü:
"Nə yaxşı ki, başqa bir addım atmadım: ümumiyyətlə yox olardım."
Səhər açılanda və göy gurultusu keçəndən sonra, qardaşlar Əhmədi tapdılar. O, uçurumun kənarında oturmuşdu və soyuqdan donmuşdu.
Qardaşlar ona heç nə demədilər, ayağa qaldırıb evə apardılar.