Gül ilə Sanavar
Biri var idi, biri yox idi. Günlərin bir günündə bir padşah var idi. Bu padşahın üç oğlu vardı. Günlərin bir günündə üç qardaş bir-birinə deyirlər:
– Gəlin, atamıza xəbər yollayaq ki, biz yetişmişik.
Qardaşlar bazara çıxıb üç dənə qovun alırlar. Bu üç qovunun biri lap yetişmiş, o biri miyanə, üçüncisi alababat. Bu üç qovunu qızıl məcməəyə qoyub ataları üçün yolladılar. Padşah qovunu görüb tez vəziri çağırtdırdı:
– Vəzir bu qovunlar nə olan işdir?
Vəzir dedi:
– Padşah sağ olsun, bu qovunları oğlanların alıb, yəni biz bu qovunlar kimi yetişmişik.
Padşah fikrə getdi.
– Eybi yoxdur, vəzir get bu saat üç dənə ox gətir, apar ver oğlanlarıma qoy nişan alsınlar, bəxtlərinə nə çıxdı onların olsun.
Səhər oldu, car çəkildi, heç kim evdən bayıra çıxmasın. Padşahın oğlanları ox atdılar. Birininki vəzirin qapısına düşdü. O birinki vəkilin qapısına düşdü. Vəzirin qızını padşahın böyük oğlu aldı. Vəkilin qızını da ortancılı aldı.
Xəbəri verim sizə, padşahın kiçik oğlundan. Məlik Düçar ox atdı. Oxu gedib düşdü bir qara küllüyə. Məlik Düçar onun düşdüyü yerə gedib gördü ki, bir meymun qızıl zəncirə bağlanıb. Məlik Düçar meymunu açıb yola düşdü. Padşaha xəbər getdi ki, kiçik oğlunun bəxtinə bir meymun çıxıb. Padşah qəmli oldu. Əmr verdi ki, şəhərin bir qırağında ona ev versinlər. Məlik Düçar meymunu götürüb getdi. Böyük qardaşdar qırx gün, qırx gecə toy edib evləndilər. Məlik Düçar meymunu evinə aparıb bir tərəfdə bağladı. Gecə-gündüz ağlayırdı. Günlərin bir günündə iki qardaş bir-birinə dedi:
– Görəsən, Məlik Düçar meymun ilə nə edir?
İkinci qardaş dedi:
– Gəl, Məlik Düçar üçün xəbər yollayaq ki, atamız bizdən hamam istiyir.
Bir gün Məlik Düçarı çağırtdırıb dedilər:
– Atamız bizdən hamam istiyir.
Məlik Düçar evə qayıtdı, ağlaya-ağlaya meymunun yanına gəldi. Bu meymun pərilər padşahının qızı idi. Meymun Məlik Düçarın bu halın görüb dedi:
– Mən pərilər padşahının qızıyam. Mən sənin bəxtinə çıxmışam.
Məlik Düçarın gözləri işıqlandı. Meymun cildindən çıxıb bir qız oldu.
Məlik Düçar dedi:
– Atamız bizdən bir hamam istəyir.
Pərilər qızı dedi:
– Durma, gedərsən pərilər padşahının yanına, deyərsən ki, qızı pərilər xanım deyir ki, atamdan qalan qarpızı versin. Sonra o qarpızı götürərsən. Gün batanda yox, gün çıxan tərəfdə qarpızı yerə vurarsan, qayıdıb dala baxmıyasan ha.
Məlik Düçar getdi. Ağacı yerə vurub pərilər xanımın atasından qalan qarpızı istədi. Bir əl çıxdı, Məlik Düçara qarpızı uzatdı: Qarpızı alıb gün çıxan tərəfə gəldi. Qarpızı yerə çırpıb dala baxmadan geri döndü.
Padşah səhər yuxudan durub bağa çıxdı. Sağa baxdı gördü bir hamam, sola baxdı gördü burda da bir hamam tikilib. Gün padşahın gözünə düşdü. Amma gün çıxanda bir hamam tikilib ki, adamın ağlını alır.
Padşah vəziri hüzuruna çağırdıb dedi:
– Vəzir, bu gün gərək oğlanlarımın tikdirdiyi hamamlara tamaşa edim.
Vəzir, vəkil yığışıb padşahın yanına düşüb getdilər. Padşah əvvəl böyük oğlunun, sonra ortancılın, ən axırda isə Məlik Düçar tikdirdiyi hamama gəldi. Padşah hamamın qapısına çata-çatmıya qullar-qarabaşlar padşahı əl üstə götürüb taxta oturtdular. Padşah çimdi. Amma bu hamam padşahın huşunu aparmışdı. Belə bir imarət xəbəri qardaşlara çatdı. “Vay dədə, Məlik Düçar bizi apardı. Atamız bizim tikdirdiyimiz hamamları bəyənmədi”.
Ortancıl qardaş dedi:
– Gəl, bu dəfə Məlik Düçarı qonaq çağıraq. Belə deyək, guya atamız deyir ki, gərək Düçar adaxlısını da gətirsin. Onun da adaxlısı meymun olduğu üçün gəlib pərt qalacaq.
Qardaşlar xəbər yolladılar Məlik Düçar üçün. Məlik Düçar pərilər xanımın yanına gəlib dedi:
– İndi atam səni qonaq çağırır, mən nə edim?
Pərilər xanımı dedi:
– Al bu ağacı, get həmən küllüyə, ağacı vur yerə, denən ki, pərilər padşahının qızı, pərilər xanım deyir ki, atamdan qalan qızıl sandığı versin, ancaq dala baxmazsan ha.
Məlik Düçar yol elədi küllüyə. Çatdı, ağacı yerə vurub dedi:
– Pərilər padşahının qızı pərilər xanımı deyir ki, atamdan qalan qızıl sandığı versin.
Məlik Düçar sandığı alıb gətirdi. Qız geyinib-keçinib Məlik Düçara dedi:
– İndi gedək, al bu cildi bağla kürəyinin ortasına. Vay onda ki, qardaşların cildimi yandıralar. Onda daha məni görməzsən.
Qardaşlar böyük qonaqlıq etmişdilər. Öz atalarını da çağırmışdılar. Məlik Düçar öz adaxlısı ilə məclisə girdi, padşah vəzirə dedi:
– Vəzir, bu nə olan işdir? Bunun bəxtinə ki, bir meymun çıxmışdı.
Hamu oturdu, məclisin gözi Pərilər xanımında idi. Pərilər xanımı bir plov nimçədən götürüb qolunun içinə tökür, yarısını yeyir. Eltilər bunu görüb, bunlar da düyünü qollarına tökdülər. Xörək yeyildi, süfrə yığışdı. Böyük elti durdu oynadı qollarını tərpədəndə düyü səpələndi padşahın saqqalına. Sonra Pərilər xanımı durdu oynadı, hər dəfə fırlananda yerə mirvari səpələndi. Padşah əl çaldı.
Xəbəri verim sizə qardaşlardan. Onlar da bir od qalayıb Məlik Düçarı oynatmaq bəhanəsilə dərini belindən açıb oda atdılar.
Pərilər qızı vay deyib bir göyərçin oldu getdi. Gəldi bir ağac başında oturub dedi:
– Məlik Düçar, mən getdim. Dəmir əsanın ucu yeyiləndə, dəmir sarığının altı sürtüləndə məni taparsan.
Padşahın əhvalı pozuldu. Məlik Düçar o günü ağladı. Səhəri durub dəmir çarıq geyib dəmir əsa götürüb, yola düşdü. Yol ağzında iki div oturmuşdu. Bnuların atalarından bir xalça, bir papaq qalmışdı. Məlik Düçar divlərə yaxın gəlib bunların nə üstə sözdəşmələrin soruşdu. Divlərin biri dedi:
– Ay insan qardaş, bizim atamızdan bir xalça qalıb, hər kəs onun üstdə oturub deyir ki, Süleyman peyğəmbərin eşqinə, apar məni qoy filan yerə, aparır. Bir də bu papaqdı ki, bunu da kim başına qoysa, heç kim onu görməz. Sən gəl bunu bizim aramızda böl.
Məlik Düçar dedi:
– Mən bölərəm, siz bir az kənar durun, gözləriizi yumun, mən bir az fikirləşim.
Divlər bir tərəfə çəkildi. Məlik Düçar xalçaya minib papağı başına qoydu:
– Süleyman peyğəmbərin eşqinə, məni apar Pərilər vilayətinə. Divlər bunu görüb, başlarına döyüb “vay insan qardaş bizi aldatdı” dedilər. Bunlar burda bir-birlərini döyməkdə olsun, sizə xəbər verim Məlik Düçardan.
Məlik Düçar həmən yerə çatdı. Şəhəri dolandı, amma bir şey tapmadı. Günlərin bir günündə Məlik Düçar bir bağa girdi. Bir də gördü ki, üç göyərçin bir hovuz qırağına gəlib oturdu. Cildlərin çıxarıb çimməyə başladılar. Məlik Düçar Pərilər xanımı görüb tanıdı. Tez öz adaxlısının cildini oğurladı. Üç bacı çimdilər çıxdılar. Pərilər xanımı: “vay, mənim cildimi oğurladılar” – dedi.
Bacılar nə qədər gəzdilər, tapmadılar. Məlik Düçar cildi ora atıb bunların dalınca düşüb evlərinə getdi. Bir neçə gün Məlik Düçar Pərilər xanımın evində qaldı. Günlərin bir günündə Pərilər xanımı anasına dedi:
– Xörəkdən heç doymuram?
Anası dedi:
– Qızım, elə əvvəlki qədər çəkirik, nə azdı, nə çox, qaydası ilə. Bir gün Pərilər xanımı yenə təam yeyirdi. Bu doymadı, birdən qayıdıb dedi:
– Ey gözə görünməyən insan, sənə and verirəm dünyada kimi səvirsənsə çıx aşkara.
Məlik Düçar papağı başından götürüb dedi:
– Elə mən özüməm.
– Vay dədə sən bura necə gəldin?
Pərilər xanımı anasını çağırtdırıb bütün əhvalatı danışdı, dedi:
– Atama denən, Məlik Düçar gəlib.
Anası Pərilər xanımın atasının yanına getdi, onu and verdi ki, acıqlanmasın, qızın adaxlısı Məlik Düçar gəlib qızı aparmağa. Padşah fikrə getdi. Amma insana qız vermək istəmirdi. Ona görə Məlik Düçarı öldürdtmək istəyirdi. Arvadı dedi:
– Əgər, o mənim üçün Gül ilə Sanavarın hekayəsini tapsa, mən ona qızı verərəm, tapıb gətirməsə, yox.
Anası qızının yanına gəldi. Atasının istədiyi qıza xəbər verdi.
Bu xəbəri qız Məlik Düçara yetirdi. Məlik Düçar papağını başına basıb xalçaya minib yola düşdü. Xalça Məlik Düçarı gülün damının üstünə qoydu.
Məlik Düçar aşağı endi. Sanavar bunu görüb dedi:
– Heyf səndən, oğlan, bura gəldin. Mənim sirrimi heç kəs apara bilməyib. Bir çox cavanların başın kəsmişəm.
Məlik Düçar dedi:
– Sən mənə öz hekayəni nağıl elə, sonra da öldür məni.
Sanavar Məlik Düçarı evə gətirdi. Məlik Düçar gördü bir tərəfdə qızıl zəncirə it, o biri tərəfdə isə bir ceyran bağlanıb. Araya iki nimçə aş gəldi. Sanavar aşı itin qabağına qoydu, sora itin artığını ceyranın qabağına qoydu. Ceyran yemədi. Əl çaldı bir qızıl nimçədə bir qul başı gəldi. Canavar çubuğu əlinə aldı, o qədər bunun dodaqlarına vurdu ki, ceyranın gözündən yaş damdı. Ceyran aşı yedi.
Məlik Düçar dedi:
– Bundan məni agah et.
Sanavar sözə başdadı:
– Biz Gül ilə mən ikimiz əmi qızı, əmi oğlu idik. Günlərin bir günündə biz evləndik. Bir gün yatmışdım, qulluqçularımda başımın üstdə oturmuşdu. Bunlar bir-birinə deyirdilər ki, heyf ağamızdan burda tək yatıb. Xanım isə gəzməklərdə. Əmim qızı qulluqçuları qovdu. Bir üzümə baxdı. Mən gözlərimi yumdum, sora qılıncı üç dəfə üstümə çəkdi, mən ayılmadım. Taxtından uzaqlaşdı, aşağı endi. Mən də durub bunun dalınca düşdüm. Atımı minib yol elədim. Əmim qızı bir qalanın qabağında düşdü, içəri girdi. Həmin bu qul ki, başını kəsib saxlamışam, orada oturmuşdu. Mənim xanımımı görüb ayağa qalxdı:
– Ey xanım! Bu vaxta qədər haradasan?
Əmim qızı bunun ayağına düşdü. Mən səbr eləyə bilmədim. Bayıra çıxıb atları açıb bir-birinə qatdım. Atlar kişnədi, bu səsə hamı bayıra çıxdı. Mən özümü içəri atdım, bu qulu öldürmək istədim. Əmim qızı içəri girdi, mənə bir çillə çəkdi. Vəfalı itim içəri girdi. Qulun üstə atılıb dişlədi. Mən qılıncı qaldırıb onun başını kəsdim. Evə qayıtdım. Əmim qızı mənə bir çubuq çəkdi, məni elədi bir eşşək. Düşdüm şəhəri gəzməyə. Bir qəssab məni tutub, evinə apardı. Qəssabın bir qızı vardı. O tilisimçi idi. Məni görən kimi atasına dedi:
– Bu ki, insandı.
Mənə bir çubuq çəkdi, adam elədi. Əlimə bir çubuq verib “get” dedi:
– Həmən adamın yanına çatsan, ondan qabaq sən bu çubuqla onu vur. Mən də evə qayıtdım, əmim qızı qabağıma çıxdı. Mən bir çubuq ona vurdum. Ürəyimdən gəlmədi, ceyran eləyib bir tərəfə bağlamışam. Hər gün itin artığını onun qabağına qoyuram yemir. Mən də bu başa iyirmi-otuz çubuq çəkirəm, o ağlayır. Sonra itin artığını yeyir. İndi isə dəstəmazı al, sənin başını kəsəcəm.
Məlik Düçar bir az fikir edib dedi:
– Mən bir söz demirəm, ancaq mənə beş dəqiqə möhlət ver ki, bayıra çıxım.
Məlik Düçar bayıra çıxdı. Papağını başına qoyub palaza minib, Süleyman peyğəmbərin eşqinə pərilər vilayətinə çatdı. Sanavar bayıra çıxdı, Məlik Düçarı görüb dedi:
– Vay! Mən bu sirri neçə ildir saxlamışam, indi faş oldu.
Sanavar belindən qılıncı çəkib ceyranı öldürdü. Məlik Düçar taxtına çatdı, bütün gördüyünü padşaha nəql elədi. Padşah qızı Məlik Düçara verdi. Məlik Düçar Pərilər xanımını atasının vilayətinə gətirib, qırx gün, qırx gecə təzədən toy etdi.
26.07.2021